Şok proqnoz - Yaxın zamanda Azərbaycan idmanını nələr gözləyir?
Son illər Azərbaycan idmançıları müxtəlif idman növlərində beynəlxalq yarışlarda uğurlu nəticələr göstərərək ölkəmizi layiqincə təmsil edirlər. Qazanılan medallar və yüksək nəticələr Azərbaycan idmanının inkişaf dinamikasını bir daha gündəmə gətirir. Bu Azərbaycanı dünya arenasında tanıdır və gənc idmançılara ciddi motivasiya qaynağı olur. Bəs bu uğurların arxasında hansı amillər dayanır və əldə olunan nəticələri daha da artırmaq üçün hansı istiqamətlərə diqqət yetirilməlidir?
Mövzu ilə bağlı idman eksperti Kənan Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, idmanda əldə olunan uğurların arxasında sistemli iş, peşəkar yanaşma və yaradılmış maddi-texniki baza dayanır: “Təkcə idmanda deyil, istənilən sahədə uğurların arxasında sistemli iş və həmin sahəyə peşəkar münasibət dayanır. İdmanda da artıq neçə illərdir ki, sistemli iş qurulub və sahəyə peşəkar münasibət var. Maddi-texniki baza yaradılıb və bu baza yüksək səviyyədədir. Əksər idman növlərində bunu müşahidə etmək mümkündür. Azərbaycanın əksər bölgələrində hətta böyük beynəlxalq yarışları qəbul etmək üçün komplekslər və idman sarayları inşa edilərək idmançıların istifadəsinə verilib. İnkişafa nail olmağın əsas məqamlarından biri də, təbii ki, kütləvilikdir. Hər bir idman növündə kütləviliyə nail olmadan ciddi və uğurlu nəticələr qazanmaq çətindir. Çünki kütləvilik ilk növbədə rəqabət deməkdir. İdmançıların sayı nə qədər çox olarsa, onların arasından daha güclülərin seçilməsi prosesi də gedir. Kütləvilik rəqabətə aparan yolun başlanğıcıdır. Rəqabət olan yerdə isə nəticə gec-tez öz bəhrəsini verəcək”.
K.Həsənov qeyd edib ki, Azərbaycan idmanının inkişaf dinamikasının daha da artırılması üçün mövcud imkanların təkmilləşdirilməsi və idmana diqqətin artırılması vacibdir: “Azərbaycan idmanının inkişaf dinamikası son illərdə həqiqətən də müsbət yöndədir. Bu da məhz qeyd etdiyim məqamlardan irəli gəlir. Təbii ki, idmanın dövlət səviyyəsində dəstəklənməsi, Milli Olimpiya Komitəsinin rəhbəri, eyni zamanda dövlətimizin başçısı kimi İlham Əliyev cənablarının bu sahəyə ciddi diqqət göstərməsi nəticələrdə də öz əksini tapmalıdır. Bu inkişaf dinamikasını daha da artırmaq və nəticələri yaxşılaşdırmaq üçün qeyd etdiyim məqamları daha da mükəmməlləşdirmək, həmin sahələr üzrə diqqət və qayğını artırmaq lazımdır. Lazımi maddi-texniki baza var. Mütəxəssislərimizin beynəlxalq seminarlara qatılması, öz təhsillərini artırması, müasir idmanın tələblərini mənimsəməsi və bunları məşq prosesində tətbiq etməsi də bütün bu prosesin və inkişaf dinamikasının tərkib hissələrindən biridir. Ona görə də Azərbaycan idmanında uğurlar davamlı xarakter alır və bu proses artıq qarşısıalınmaz bir prosesə çevrilib. Yaxın illərdə Azərbaycan idmanının uğurları daha da artacaq”.
Zərnigar Hüseynli
20:00 20.08.2026
Oxunuş sayı: 54