Rusiya, müttəfiqliyin bura qədərdir?!
Son günlərdə Rusiyanın bəzi media orqanları, kütləvi informasiya vasitələri Azərbaycan əleyhinə yazılar dərc edib. Belə olan halda sual yaranır, istənilən fürsəti əldən verməyən, hər şəraitdə Azərbaycan əleyhinə addımlar atan Rusiya bəs nəyə görə özünə tərəfdar axtaranda Azərbaycanı müttəfiq və daimi tərəfdaş hesab edir? Çünki, Azərbaycan hər zaman çətin günün dostudur. Ölkəmiz hər zaman bütün sahələrdə sülh və tərəfdaşlıq yolunu rəhbər tutmuşdur. Bu cür yazıların yazılması və sözügedən ölkə rəhbərliyinin buna reaksiya verməməsi ölkəmizə qarşı adekvat münasibət deyil.
Nəzərə almaq lazımdır ki, Azərbaycan və Rusiya arasında “müttəfiqlik qarşılıqlı fəaliyyəti” mövcuddur. Bu status 22 fevral 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ilə rəsmiləşdirilib. Sənəddə tərəflərin münasibətlərini məhz “müttəfiqlik qarşılıqlı fəaliyyəti” əsasında qurduğu bildirilir. Elə isə?!

Məsələ ilə bağlı tarix elmləri doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Crossmedia.az-a açıqlama verib.
"Rusiyada Azərbaycan əleyhinə zaman-zaman kampaniyalar təşkil olunur. Hətta Rusiya-Azərbaycan münasibətləri müsbət dinamikada inkişaf edən vaxtda da biz bunu müşahidə etmişik.
Görünür, Rusiyada xüsusi qüvvələr var ki, dövlətlər arasındakı münasibətlərin normal olmasına maraqlı deyillər. Baxmayaraq ki, dövlətlərin siyasətini ölkə rəhbərləri müəyyənləşdirirlər, mətbuat və media bu münasibətlərin qurulmasında, normallaşmasında, eyni zamanda ziddiyyətlərin yaranmasında və kəskinləşməsində müəyyən rol oynayır.
Rusiyadakı bu xüsusi qüvvələrin böyük bir qismi erməni əsilli jurnalistlərdir. Bəli, onlar istəmirlər və istəməzlər də ki, bu münasibətlər normal olsun. Rusiya mətbuatının elə məğzində və mahiyyətində həmişə Azərbaycan əleyhinə yazıları görmüşük. Azərbaycan müstəqil siyasət yürütdükdə, müstəqilliyini gücləndirdikdə və diplomatiyada müəyyən dərəcədə məsafəli davrandıqda bu qüvvələr dərhal ortaya çıxır və mövqe tuturlar.
Əlbəttə, buna cavab olaraq bizim mətbuatımız da müvafiq bəyanatlar verir".
Akif Aşırlı onu da qeyd edib ki, Mətbuat Şurası hər zaman Azərbaycana qarşı informasiya müharibəsində yer tutan ölkələrə və onların media qurumlarına müraciət edir.
"Bu müraciətlərin məqsədi beynəlxalq jurnalistika etikasına uyğun davranışları ön plana çəkməkdir. Ölkələrdən asılı olmayaraq, jurnalistika prinsiplərinin qorunması vacibdir. Bu, sadəcə bir müraciətdir və orada kəskin ifadələrə yer verməyə lüzum yoxdur".
Turqut Ansari
12:10 20.08.2026
Oxunuş sayı: 61