Torpağını dövlətə ver, əvəzində ev və ya başqa əmlak al
Milli Məclisə təqdim olunan yeni qanun layihəsi dövlətlə vətəndaş arasında daşınmaz əmlak mübadiləsinə yeni imkanlar yaradır. Layihə Torpaq Məcəlləsində və digər normativ hüquqi aktlarda dəyişiklikləri nəzərdə tutur. Sadə dillə desək, dövlət müəyyən ehtiyac yaranacağı halda vətəndaşa məxsus torpaq və ya digər daşınmaz əmlakı almaqla onun əvəzində başqa ərazidən torpaq, mənzil və ya alternativ əmlak təklif edə biləcək. Bu zaman hər iki əmlakın dəyərinin qiymətləndirilməsi nəzərdə tutulur və mübadilə tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilir. Yeni mexanizmin həm dövlətə məxsus, uzun müddət istifadəsiz qalan əmlakların dövriyyəyə cəlb edilməsinə, həm də büdcədən əlavə nağd vəsait ayrılması zərurətinin azalmasına imkan verəcəyi gözlənilir. Bəs bu dəyişiklik vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına və daşınmaz əmlak bazarına necə təsir edəcək?
Əmlak eksperti Ramil Osmanlı Crossmedia.az-a açıqlamasında bildirib ki, qanun layihəsinin mahiyyəti sadə dillə desək, dövlətə və vətəndaşa məxsus ayrı-ayrı əmlakların dəyişdirilməsindən ibarətdir:
“Milli Məclisə təqdim olunan yeni qanun layihəsi Torpaq Məcəlləsində və digər normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi ilə bağlıdır. Burada əsas məsələ dövlətə və vətəndaşa, yəni mülkiyyətçiyə məxsus ayrı-ayrı əmlakların dəyişdirilməsidir.
Məsələn, vətəndaşın şəhər mərkəzində bir hektar torpaq sahəsi var və həmin ərazi müəyyən zərurət səbəbindən dövlətə lazımdır. Dövlət həmin torpaq sahəsini almaq istəyirsə, bunun müqabilində vətəndaşa başqa ərazidən 1,5, 2 və ya 3,5 hektar torpaq təklif edə bilər. Mübadilə formasında prosesə qiymətləndirici cəlb olunur. Qiymətləndirici həm alınan, həm də onun əvəzinə təklif olunan torpaq sahələrini və ya obyektləri qiymətləndirir. Bundan sonra proses tərəflər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilir.
Məsələnin üstünlüklərindən biri dövlətə məxsus və uzun illərdir istifadəsiz qalmış, istismarı mümkün olmayan və ya istifadə edilməyən bəzi ərazi və obyektlərin dövriyyəyə cəlb olunmasıdır. Eyni zamanda, burada əlavə olaraq büdcə vəsaitlərinin nağd şəkildə ayrılması zərurətindən yayınmaq məqsədi də var. Məsələn, vətəndaşa ondan alınan torpaq sahəsinin əvəzinə dövlət tərəfindən mənzil və ya digər alternativ əmlak təklif oluna bilər”.

Ekspert qeyd edib ki, burada prosesin bilavasitə qiymətləndirmə əsasında həyata keçirilməsi də daha şəffaf və idarəolunan mexanizmin formalaşmasına imkan verir: “Hesab edirəm ki, bu layihə uğurla icra olunarsa, ölkədə daşınmaz əmlak bazarında dövlət və vətəndaşlar arasında daha düzgün və səmərəli əmlak mübadiləsinin həyata keçirilməsinə şərait yaradacaq.
Hüquqlar məsələsinə gəldikdə isə, prosesdə dövlət iştirak etdiyi üçün mülkiyyət hüquqlarının təminatı da dövlət tərəfindən qorunmalıdır. Bu baxımdan gələcəkdə hüquqlarla bağlı hər hansı problemin yaranmaması üçün müvafiq mexanizmlərin düzgün tətbiqi vacibdir. İlk növbədə, vətəndaşdan alınan əmlakın həmin şəxsin mülkiyyətində olması da qanunun və layihənin tələblərindən biri kimi nəzərdə tutulur.
Bir qədər konkretləşdirsək, bu, dövlət və mülkiyyətçilər arasında daşınmaz əmlak üzrə mübadilənin qarşılıqlı razılaşma əsasında həyata keçirilməsini nəzərdə tutan konstruktiv mexanizmdir və onun qanunvericiliklə təmin olunması hazırkı layihədə öz əksini tapır”.
Zeynəb Həsən
15:30 19.08.2026
Oxunuş sayı: 57