ASCO-nun "Üzeyir Hacıbəyli" gəmisi əsaslı təmir olunub
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus "Üzeyir Hacıbəyli" quru yük gəmisinin əsaslı təmiri yekunlaşıb.
Crossmedia.az ASCO-ya istinadən xəbər verir ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasoslar) təmir olunub. Eyni zamanda gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.
Bundan başqa, gəminin sualtı və suüstü hissələri abraziv qumla tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.
Qeyd edək ki, "Üzeyir Hacıbəyli" gəmisi 2014-cü ildən üçrəngli bayrağımız altında Xəzərdənkənar sularda istismar olunur. Bu gəminin uzunluğu 108,33, eni 16,74 metrdir, yükgötürmə qabiliyyəti isə 5 200 tondur.
12:47 19.08.2026
Oxunuş sayı: 39