CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: dəmir yolu təhlükəsizliyi

09:33 17.10.2026

Polşadan sərt qərar: Dəmir yollarına yaxınlaşan dronlar vurulacaq

66

Polşa hökuməti dəmir yolu infrastrukturuna təhlükə yaradan pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi və ya zərərsizləşdirilməsi üçün dəmir yolu mühafizə xidmətinə əlavə səlahiyyətlər verməyi planlaşdırır. Crossmedia.az xəbər verir ki, bu barədə Polşa hökumətinin dərc etdiyi qanun layihəsində bildirilib. İnfrastruktur Nazirliyi tərəfindən hazırlanan və Baş nazirin Aparatında dərc olunan layihə “Dəmir yolu nəqliyyatı haqqında” qanuna dəyişiklikləri nəzərdə tutur. Dəyişikliklərə əsasən, Dəmir Yolu Mühafizə Xidmətinin (SOK) əməkdaşlarına dəmir yolu obyektləri yaxınlığında təhlükə yaradan dronları məhv etmək və ya sıradan çıxarmaq üçün xüsusi texniki vasitələrdən istifadə hüququ veriləcək. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan hallarda mühafizə əməkdaşlarının odlu silahdan istifadə imkanlarının genişləndirilməsi, əməliyyatların videoya çəkilməsi və şübhəli şəxslərin şəxsi mülkiyyət ərazilərində təqib edilməsi səlahiyyətlərinin artırılması planlaşdırılır. Polşa hökuməti bu addımları müasir təhlükələrə qarşı mübarizənin gücləndirilməsi və strateji əhəmiyyətli dəmir yolu infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə əsaslandırır. Qeyd olunur ki, qərarın hazırlanmasına ötən ilin noyabrında Varşava–Lyublin dəmir yolu xəttində baş vermiş diversiya hadisələri də təsir göstərib. Həmin vaxt Mika yaşayış məntəqəsi yaxınlığında partlayıcı qurğu relslərin bir hissəsini zədələmiş, Pulavı şəhəri yaxınlığında isə dəmir yolu infrastrukturuna ziyan vurulmuşdu. Rəsmilər hadisələrin qatarı relsdən çıxarmaq məqsədi daşıdığını bildirmişdilər. Polşanın Baş naziri Donald Tusk hücumların Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edən iki Ukrayna vətəndaşı tərəfindən törədildiyini iddia etmişdi. Bundan əlavə, strateji obyektlər yaxınlığında dron uçuşlarının artması ölkədə təhlükəsizliklə bağlı narahatlıqları gücləndirib. Polşa hakimiyyəti Rusiyanın mümkün diversiya, kiberhücum və digər hibrid fəaliyyətlərini ölkənin, eləcə də NATO üzvlərinin təhlükəsizliyi üçün ciddi təhdid kimi qiymətləndirir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR