CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Madarpur

00:10 14.10.2026

Su kəmərini təmir etməyə getdilər, minaya düşdülər

61

Pakistanın nəzarətində olan Kəşmir bölgəsində mina partlaması nəticəsində 4 nəfər həlak olub. Yerli hakimiyyət orqanları minanın Hindistan tərəfdən gəldiyini iddia edirlər. Crossmedia.az xəbər verir ki, bu barədə Pakistanın “Geo TV” telekanalı məlumat yayıb. Bildirilib ki, hadisə Kəşmirin Punç rayonunda, Mahandla və Madarpur kəndləri yaxınlığında, Hindistan və Pakistan arasında faktiki nəzarət xətti (LoC) ərazisində baş verib. Məlumata görə, dörd gənc bulaq yaxınlığında su kəmərini təmir edərkən mina partlayıb. Nəticədə onların hamısı hadisə yerində həyatını itirib. Həlak olanların Faizan Saqir, İştiaq, Asim Rafiq və Vəqas Şərif olduğu açıqlanıb. Pakistanın nəzarətində olan Kəşmirin İctimaiyyətlə Əlaqələr Baş İdarəsi (DGPR) bildirib ki, sərhədyanı ərazilərdə minalar mülki əhali və heyvanlar üçün ciddi təhlükə yaratmaqda davam edir. Qurumun açıqlamasına görə, mürəkkəb relyef, sərhəd xəttinin bəzi ərazilərdə dəqiq müəyyənləşdirilməməsi və Hindistan tərəfdən gəldiyi iddia olunan minalar təhlükəsizlik risklərini artırır. Hindistan rəsmiləri bu ittihamlara dərhal münasibət bildirməyiblər. Bununla belə, Hindistanın NDTV telekanalı həlak olan şəxslərin Hindistan ərazisinə qanunsuz keçməyə cəhd etdiklərini iddia edib. Qeyd edək ki, oktyabrın əvvəlində də Hindistan və Pakistan arasındakı beynəlxalq sərhəd yaxınlığında iki pakistanlı mülki şəxs öldürülüb. İslamabad Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələrini əsassız olaraq ölümcül güc tətbiq etməkdə ittiham edib və Hindistanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq etirazını bildirib. Hindistan isə Pakistanın ittihamlarını əsassız və qərəzli adlandıraraq rədd edib, öz növbəsində Pakistanın müvəqqəti işlər vəkilinə etirazını çatdırıb. Xatırladaq ki, Kəşmir bölgəsi uzun illərdir Hindistan və Pakistan arasında mübahisə predmetidir. Hər iki ölkə bölgəyə ərazi iddiası irəli sürür və onun ayrı-ayrı hissələrini idarə edir. Tərəflərin nəzarətində olan ərazilər ciddi hərbiləşdirilmiş faktiki nəzarət xətti ilə ayrılır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR