CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: BMT sülhməramlıları

17:13 14.10.2026

Livan BMT sülhməramlılarının ölkədən çıxarılmasına qarşı çıxıb

60

Livan parlamentinin sədri Nəbih Berri Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) ölkənin cənubunda fəaliyyətini davam etdirməsi ilə bağlı rəsmi qurumlar arasında konsensus olduğunu bildirib. Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb. Berri Beyrutda BMT Baş katibinin sülh əməliyyatları üzrə müavini Jan-Pyer Lakrua ilə görüşü zamanı Livanın suveren hüquqlarını qorumaq, sərhədlərinin təhlükəsizliyini təmin etmək və İsrailin nəzarətində olan bütün ərazilərini azad etmək istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Parlament sədrinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi UNIFIL-ə Livan və İsrail arasındakı Mavi xətt boyunca vəziyyətə nəzarət etmək, mübahisəli sərhəd məntəqələrinin müəyyənləşdirilməsinə yardım göstərmək, həmçinin Livanın suverenliyinin pozulması hallarını izləmək və sənədləşdirmək vəzifəsini həvalə edir. Berri qeyd edib ki, UNIFIL-in fəaliyyəti yalnız təhlükəsizlik və hərbi məsələlərlə məhdudlaşmır, humanitar, sosial, mədəni və iqtisadi sahələri də əhatə edir. O bildirib ki, Livanın rəsmi qurumları beynəlxalq qüvvələrin ölkədə mövcudluğunun və missiyasının davam etdirilməsinin tərəfdarıdır. Bu istiqamətdə BMT və beynəlxalq ictimaiyyətlə müzakirələr aparılır. Görüş zamanı Livanın cənubundakı vəziyyət, İsrailin davam edən hücumları və 1701 saylı qətnamənin pozulması halları da müzakirə edilib. Tərəflər UNIFIL-in mandatının uzadılması ilə bağlı Livanın vahid mövqeyinə toxunaraq beynəlxalq qüvvələrin fəaliyyətinin ölkənin və regionun maraqlarına uyğun davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Qeyd edək ki, UNIFIL 1978-ci ildə İsrailin Livanın cənubuna müdaxiləsindən sonra yaradılıb. BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə qəbul etdiyi 1701 saylı qətnamə ilə missiyanın səlahiyyətləri genişləndirilib. 2025-ci ilin avqustunda BMT Təhlükəsizlik Şurası UNIFIL-in mandatının sonuncu dəfə 31 dekabr 2026-cı ilədək uzadılması barədə qərar qəbul edib. Qərara əsasən, həmin tarixdən etibarən beynəlxalq qüvvələrin bir il ərzində mərhələli, təhlükəsiz və əlaqələndirilmiş şəkildə Livandan çıxarılması nəzərdə tutulur.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR