CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Avropada iğtişaşlar

13:18 19.10.2026

Peskov Avropadakı iğtişaşlarda Rusiyanın iştirakı ilə bağlı ittihamlara cavab verib

71

Kremlin sözçüsü Dmitri Peskov Avropada baş verən iğtişaşlarda Rusiyanın əli olması ilə bağlı ittihamları əsassız adlandırıb. Crossmedia.az xəbər verir ki, Peskov bu barədə Rusiyanın "Zvezda News" nəşrinə açıqlamasında bildirib. "Artıq heç kim heç bir yerdə bu cür absurd ittihamları ciddi qəbul etmir. Hətta Avropanın özündə belə", – deyə Kremlin sözçüsü vurğulayıb. Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib. Məlumatlara görə, bəzi ərazilərdə dinc nümayişlər iğtişaşlara çevrilib. Etirazçılar bələdiyyə binalarını yandırıb, mağazaları talan edib və polis bölmələrinə hücum ediblər. Peskov açıqlamasında Rusiya hökumətində gözlənilən kadr dəyişikliklərinə də toxunub. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Baş nazir Mixail Mişustinin hökumətdə dəyişikliklərlə bağlı təkliflərini dəstəkləyib. Kremlin sözçüsü bildirib ki, Mişustin bazar ertəsi səhər Putinlə keçirilən işgüzar görüşdə müvafiq təklifləri təqdim edib. Bununla belə, dəyişikliklərin hansı hökumət rəsmilərini əhatə edəcəyi açıqlanmayıb. Rusiya Konstitusiyasına əsasən, Baş nazir müvafiq namizədləri təsdiq üçün Dövlət Dumasına təqdim edəcək. Peskov Hindistanın Baş naziri Narendra Modinin Rusiyaya mümkün səfəri barədə də danışıb. O, səfərin böyük ehtimalla 2027-ci ildə baş tutacağını bildirib. Qeyd olunub ki, Rusiya və Hindistan arasında 2000-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinə əsasən, iki ölkənin liderləri hər il görüşürlər. Mövcud növbəlilik prinsipinə görə, növbəti səfəri Narendra Modi Rusiyaya etməlidir. Bundan əlavə, Peskov Vladimir Putinin vətəndaşların suallarını cavablandırdığı ənənəvi "Birbaşa xətt" proqramı ilə illik mətbuat konfransının birləşdirilmiş formatda dekabr ayında keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR