Milli Mətbuat Günü münasibətilə dəyirmi masa keçirilib
22 iyul – Milli Mətbuat Günü münasibətilə “Azərbaycanın informasiya təhlükəsizliyində milli mətbuatın rolu” mövzusunda dəyirmi masa keçirilib.
Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın milli mətbuatının keçdiyi tarixi inkişaf yolu, müasir media mühitində baş verən dəyişikliklər, informasiya təhlükəsizliyinin təmin olunmasında kütləvi informasiya vasitələrinin rolu, dezinformasiya və saxta xəbərlərə qarşı mübarizə, media savadlılığının artırılması, jurnalist məsuliyyəti və informasiya resurslarının milli maraqlar baxımından qorunması məsələləri geniş müzakirə olunub.
Dəyirmi masa Azərbaycan milli mətbuatının yaranmasının tarixi əhəmiyyətinin diqqətə çatdırılması, jurnalistikanın cəmiyyətdə ictimai nəzarət və məlumatlandırma funksiyasının gücləndirilməsi, informasiya təhlükəsizliyi sahəsində mövcud çağırışların müzakirəsi, xüsusilə gənclər arasında düzgün və etibarlı informasiya mənbələrindən istifadə vərdişlərinin formalaşdırılması məqsədi daşıyıb.
Tədbiri giriş sözü ilə açan Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri, fəlsəfə doktoru Hüsey İbrahimov 22 iyul – Milli Mətbuat Günü münasibətilə iştirakçıları təbrik edib. O, Azərbaycan milli mətbuatının xalqın maariflənməsində, milli düşüncənin formalaşmasında, ictimai-siyasi proseslərin işıqlandırılmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynadığını bildirib.
Hüsey İbrahimov qeyd edib ki, müasir informasiya texnologiyalarının sürətli inkişafı media qarşısında yeni imkanlarla yanaşı, ciddi məsuliyyətlər də yaradır. Onun sözlərinə görə, informasiyanın sürətlə yayıldığı bir dövrdə düzgün, obyektiv və etibarlı məlumatın ictimaiyyətə çatdırılması, yanlış və manipulyativ məlumatların qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan milli mətbuatın informasiya təhlükəsizliyinin təmin edilməsində rolu daha da artır.
Dəyirmi masada çıxış edən jurnalist və QHT rəhbəri Mübariz Göyüşlü müasir media mühitində jurnalistikanın qarşısında dayanan əsas vəzifələr barədə danışıb. O, xüsusilə rəqəmsal medianın və sosial şəbəkələrin geniş yayılması nəticəsində informasiya axınının sürətləndiyini, bunun isə peşəkar jurnalistikanın məsuliyyətini daha da artırdığını diqqətə çatdırıb.
Mübariz Göyüşlü bildirib ki, jurnalist informasiyanı ictimaiyyətə çatdırmazdan əvvəl onun mənbəyini və doğruluğunu yoxlamalı, faktla şərhi bir-birindən fərqləndirməli, ictimai maraqla şəxsi maraqlar arasında balansı qorumalıdır. Onun fikrincə, peşəkar jurnalistika dezinformasiya və saxta xəbərlərin yayılmasına qarşı ən effektiv vasitələrdən biridir.
Məruzədə həmçinin sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatların cəmiyyətə təsiri, informasiya manipulyasiyası, saxta hesablar və məqsədli şəkildə yayılan yanlış məlumatlar barədə fikir mübadiləsi aparılıb.
Siyasi ekspert və QHT rəhbəri Taleh Əliyev çıxışında son dövrlərdə informasiya məkanında geniş yayılan dezinformasiya, feyk xəbərlər, informasiya manipulyasiyası və süni şəkildə ictimai rəyin formalaşdırılması cəhdlərinin milli informasiya təhlükəsizliyi baxımından yaratdığı risklərə diqqət çəkib. Eyni zamanda milli mətbuatın Azərbaycanın milli maraqlarının, dövlətçilik dəyərlərinin və ictimai sabitliyin qorunmasında mühüm rol oynadığını qeyd edib. O, jurnalistikanın peşəkar prinsiplərə, obyektivliyə, faktların yoxlanılmasına və məsuliyyətli informasiya siyasətinə əsaslanmasının zəruriliyini vurğulayıb.
Çıxışda həmçinin Azərbaycan mediasının müasir rəqəmsal transformasiya proseslərinə uyğunlaşmasının, yeni media alətlərindən səmərəli istifadə edilməsinin və gənc jurnalistlərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılmasının vacibliyi qeyd olunub.
Dəyirmi masa çərçivəsində jurnalistlər və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri də mövzu ilə bağlı fikirlərini bölüşüblər. İştirakçılar müasir jurnalistikanın inkişaf tendensiyaları, rəqəmsal media, sosial şəbəkələrin informasiya məkanına təsiri, jurnalistikanın gələcəyi və informasiya təhlükəsizliyi sahəsində mövcud çağırışlar barədə fikir mübadiləsi aparıblar.
Gənc jurnalistlər və tələbələr xüsusilə peşəkar jurnalistika prinsiplərinin qorunmasının, informasiya mənbələrinin yoxlanılmasının, media savadlılığının artırılmasının və jurnalistlərin yeni texnoloji imkanlardan məsuliyyətli şəkildə istifadəsinin vacibliyini qeyd ediblər.
Dəyirmi masa iştirakçıları Azərbaycanın milli mətbuatının 150 illik inkişaf tarixinin müasir media üçün böyük təcrübə və ənənə formalaşdırdığını qeyd edərək, milli jurnalistikanın yeni informasiya texnologiyalarının yaratdığı imkanlardan istifadə etməklə daha da inkişaf etdirilməsinin vacibliyini bildiriblər.
19:42 22.07.2025
Oxunuş sayı: 16