"The Times" AZAL ekipajının qəhrəmanlığından yazdı
"The Times" qəzeti AZAL aviaşirkətinə məxsus Embraer təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması zamanı ekipajın qəhrəmanlığını vurğulayıb. Məqalədə qeyd olunur ki, pilotlar idarəetmə sistemlərinin tam sıradan çıxmasına baxmayaraq, yalnız mühərriklərin gücü ilə təyyarəni eniş üçün hazırlamağa çalışıblar.
Aviasiya ekspertlərinin fikrincə, qəza öncəsi və sonrasına aid videolar təyyarənin arxa hissəsinin zərbə nəticəsində zədələndiyini və bütün üç hidravlik sistemin sıradan çıxdığını göstərir. Bu sistemlər qanad və quyruq idarəetmə mexanizmlərini hərəkətə gətirirdi.
Məlumata görə, pilotlar Qroznıya çatmamış dispetçerlərlə əlaqə saxlayaraq əvvəlcə zərbəni quşlarla toqquşma kimi qiymətləndiriblər. Daha sonra GPS-naviqasiyanın itirildiyini və radarlardan müşayiət tələb etdiklərini bildiriblər.
Dispetçerlərdən alınan qeyri-rəsmi məlumatlara əsasən, pilotlar əvvəlcə Minvod və Mahaçqala hava limanlarına yönəlmək istəsələr də, hava şəraitinə görə bu mümkün olmayıb. Bunun əvəzinə, naməlum səbəblərdən təyyarənin Aktauya yönəldilməsi tövsiyə olunub.
Təyyarə Aktau yaxınlaşarkən qeyri-sabit uçuş qeydə alınıb. Ekipaj əllə şassini çıxarmağa nail olsa da, normal eniş üçün lazım olan flaps və spoilerlər işləməyib. Həmçinin, enişdən əvvəl təyyarənin quyruq hissəsində zədələr müşahidə edilib.
"The Times" bu qəzanı ekipajın peşəkarlığı və əzmkarlığının bariz nümunəsi kimi dəyərləndirir.
Gültac Mehdizadə
08:34 27.12.2024
Oxunuş sayı: 4160