Roma niyə Bakıya yaxınlaşır? - strateji tərəfdaşlığın arxa planı
Avropanın aparıcı dövlətlərindən biri olan Ciorcia Meloninin rəhbərlik etdiyi İtaliya son illərdə qlobal və regional proseslərdə daha fəal siyasi xətt nümayiş etdirir.
Bu kontekstdə Romanın Cənubi Qafqaza artan marağı, xüsusilə Azərbaycanla münasibətlərə verdiyi strateji önəm diqqət çəkir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və geosiyasi balans baxımından Bakı artıq Avropa üçün sadəcə tərəfdaş deyil, eyni zamanda etibarlı dayaqlardan biri kimi çıxış edir.
Belə bir şəraitdə yüksək səviyyəli siyasi səfərlər yalnız diplomatik protokol xarakteri daşımır, həm də tərəflər arasında uzunmüddətli strateji baxışların uzlaşdırılmasına xidmət edir.
İtaliya kimi nüfuzlu Avropa ölkəsinin rəhbərinin Azərbaycana səfəri isə bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Ciorcia Meloninin Azərbaycana səfəri münasibətlərin inkişafında mühüm siyasi hadisə olduğunu qeyd edib:
"Son illərdə Bakı ilə Roma arasında formalaşan əməkdaşlıq modeli təkcə ikitərəfli maraqları deyil, həm də daha geniş coğrafiyada enerji təhlükəsizliyi və siyasi sabitlik məsələlərini əhatə edən strateji platformaya çevrilib.
Bu baxımdan, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir.

Səfərin diqqətçəkən cəhətlərindən biri onun regional kontekstdə baş tutmasıdır. Meloninin Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən zirvə toplantısından dərhal sonra Bakıya gəlməsi rəsmi Romanın regiondakı prioritetlərini və Azərbaycanla əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.
Azərbaycan-İtaliya həm də enerji sahəsində uğurlu əməkdaşlıq edir.
Xüsusilə, Cənub Qaz Dəhlizinin əsas həlqələrindən biri olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya nəql olunan Azərbaycan qazı İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu marşrut yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyaraq Avropanın enerji şaxələndirmə siyasətində strateji elementə çevrilib. Azərbaycan qazının İtaliya bazarındakı payı artmaqdadır.
İqtisadi əməkdaşlıq enerji ilə məhdudlaşmır. İtaliya şirkətlərinin Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə iştirakı bu tərəfdaşlığın praktik nəticələrini göstərir.
Eyni zamanda, sənaye, infrastruktur və yüksək texnologiyalar sahəsində əməkdaşlıq yeni investisiya imkanları yaradır.
Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq da diqqət çəkən istiqamətlərdəndir. Son dövrlərdə bu sahədə əlaqələrin intensivləşməsi, o cümlədən Azərbaycan ordusunun modernləşdirilməsi istiqamətində İtaliya texnologiyalarına marağın artması tərəfdaşlığın daha geniş təhlükəsizlik müstəvisinə keçdiyini göstərir.
Humanitar sahədə əməkdaşlıq da münasibətlərin mühüm komponentidir. Təhsil və mədəniyyət istiqamətində həyata keçirilən layihələr, o cümlədən İtaliya universitetləri ilə birgə təşəbbüslər iki xalq arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Bakıda aparılan müzakirələrdə Azərbaycan-İtaliya daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığı transformasiya etmək üzərində razılığa gəldi. Bakı və Roma arasında qurulan bu çoxşaxəli əməkdaşlıq modeli yalnız iki ölkə üçün deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi inteqrasiya və təhlükəsizlik baxımından nümunəvi tərəfdaşlıq kimi çıxış edir".
Elmir Heydərli
13:00 06.05.2026
Oxunuş sayı: 57