“Diqqət-diqqət, danışır Bakı” – Azərbaycan televiziyasının 70 illik yolçuluğu
Bu gün – 14 fevral tarixində Azərbaycan mediası üçün əlamətdar bir hadisə yada salınır. Düz 70 il əvvəl, 1956-cı ilin bu günündə ilk dəfə televiziya siqnalı Bakının üzərindən efirə yayımlandı.
“Diqqət-diqqət, danışır Bakı” ifadəsi ilə başlayan həmin gün, ölkənin informasiya və mədəni həyatında yeni bir mərhələnin əsasını qoydu.
O dövrdə televiziya sadəcə texniki yenilik deyildi. O, cəmiyyət üçün yeni düşüncə tərzi, yeni ünsiyyət forması idi. Qısa müddət ərzində televiziya xəbərin, mədəniyyətin, sənətin və ictimai fikrin əsas tribunasına çevrildi.
Zaman keçdikcə Azərbaycan teleməkanı genişləndi, texniki imkanlar yeniləndi, yayım coğrafiyası böyüdü. Xüsusilə Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsi televiziya yayımında keyfiyyət baxımından ciddi dönüş nöqtəsi oldu. Bu kompleks bu gün də ölkənin əsas yayım mərkəzlərindən biri hesab olunur.
Azərbaycan televiziya tarixinin formalaşmasında dövlətin rolu hər zaman ön planda olub. Ümummilli Lider Heydər Əliyev televiziya və radionu xalqın milli sərvəti adlandırır, onun cəmiyyətin maariflənməsində və dövlətçilik ideyalarının təbliğindəki rolunu xüsusi vurğulayırdı. Bu yanaşma sonrakı illərdə də davam etdirildi.
Bu gün Azərbaycan Televiziyası yalnız ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda da Azərbaycan həqiqətlərini çatdıran mühüm informasiya platformasına çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar televiziya yayımının məzmun və texniki səviyyəsinin yüksəlməsinə təkan verib.
Bu gün efirdə yayımlanan analitik proqramlar, tok-şoular, sənədli filmlər, mədəniyyət və idman layihələri televiziya əməkdaşlarının böyük zəhmətinin nəticəsidir. “İdman Azərbaycan” və “Mədəniyyət” kanallarının fəaliyyətə başlaması isə teleməkanın mövzu baxımından daha da zənginləşməsinə səbəb olub.
Artıq Azərbaycan televiziya yayımı təkcə bir ölkənin auditoriyasına deyil, dünyanın müxtəlif nöqtələrində yaşayan milyonlarla azərbaycanlıya xitab edir. Müasir texnologiyalar, peyk yayımı və rəqəmsal imkanlar bu yolçuluğu daha da genişləndirib.
Bu gün Azərbaycan televiziyası 70 illik tarixi ilə təkcə bir media qurumu deyil, həm də ölkənin yaddaşı, səsi və güzgüsüdür.
Qeyd edək ki, hazırda fəaliyyət göstərən bir sıra radio və televiziya vardır. Bunlara İctimai Tv (İtv), Azərbaycan Televiziyası (AzTv), Azad Azərbaycan (ATV), Xəzər Tv, ARB24, ARB və s.
Fatimə Məmmədova
11:00 14.02.2026
Oxunuş sayı: 695