Luperkaliyadan Valentinə: Bir bayramın gizli tarixi
Bir sıra bayramlar var ki, onların tarixi və mənşəyini bildikdən sonra, qeyd edib-etməmək kimi bir sualı özünə verməli olursan. Dərinə getdikcə, araşdırdıqca görürsən ki, bu bayramın qeyd edilməyi nəinki düzgün deyil, hətta insanların öz tarixi keçmişi və milli kimliyinə də yaddır. Lakin yenə də, sanki bəhs edirmişsən kimi, qeyd etməyə davam edirsən, özünü sivil dünyanın müasir fərdi kimi göstərmək üçün. Amma anlamırsan ki, bu dünyanı vahid bir maket halına salmağı düşünənlərin bizə sırımaqda olduğu bu «bayramlar» əslində öz dərinliyində hansı gizlinləri saxlayır. Belə bayramlardan biri də gənclərimizin böyük sevinc hissi ilə son on illikdə qeyd etdiyi sevgililər günüdü.
Fevral ayının «eşq»
ilə əlaqəsi qədim dövrlərə dayanır. Qədim yunan təqvimlərində yanvar ayının
ortası ilə fevralın ortası arasında qalan zaman Qamelyon ayı olaraq
adlandırılırdı və Zevs ilə Heranın “müqəddəs evliliyini” təcəssüm etdirirdi.
Eramızdan əvvəl 4-cü əsrdə isə romalılar bu aya özlərinə məxsus xüsusi
«dinamiklik» əlavə etdilər. Qədim Romada fevral ayının 15-i bərəkət ilahisi və
çobanların tanrısı Faurus Luperkusun şərəfinə, “Luperkalia günü” kimi qeyd
edilirdi. Həmin gün kahinlər Luperkusa keçi qurban edirdilər. Daha sonra isə
başlarına bir parça keçi dərisi keçirərək Luperkusu təqlid edir, bu vəziyyətdə
şəhər küçələrinə çıxaraq, qarşılarına keçən hər kəsə toxunurdular. Gənc qızlar
könüllü olaraq irəli atılır və «bərəkət tanrısı»nın onlara toxunuşundan öz
paylarını almağa çalışırdılar. Həmin bayramdan bir gün əvvəl, yəni 14 fevralda
isə, bir növ «bayram gecəsi» keçirilirdi. Həmin gün, bir mağarada toplaşan gənc
oğlanlarla gənc qızların adları kiçik parçalara yazılaraq püşk atılırdı. Adları
birgə çıxanlar növbəti bayrama qədər birgə olmaq, bir yerdə yaşamaq hüququ
qazanırdılar.
Valentin haqqında isə müxtəlif əfsanələr
dolaşmaqdadır. Onu “məhəbbətin məzlum fədaisi” kimi qəbul edir avropalılar.
Deyilənə görə, öz ordusunda nizam-intizamı gücləndirmək məqsədi ilə Roma imperatoru
II Klavdiy, əsgərlərinə ailə qurmağı qadağan edir. Valentin isə, bu qadağaya məhəl
qoymayaraq sevənlərin nigahını qıymaqda davam edir və nəticədə imperatorun qəzəbinə
düçar olur. Həbs edilir.
Rəvayətə görə, rahib həbsxanada
olarkən həbsxana rəisinin kor qızına aşiq olur və hətta möcüzə göstərərək qızın
gözlərini də açır. Buna rəğmən “möcüzə” onun haqqında çıxarılan ölüm hökmünün
icra edilməsinə mane olmur. Deyilənə görə, Valentin edamdan əvvəl həmin qıza
son sevgi məktubunu yazır və “Sənin Valentinin” imzası ilə bitirir. Lakin
tarixdən də məlumdur ki, rahib həbsxanada keşiş dostu Mariusa "Valentini
unutma", "Səni sevirəm" sözlərindən ibarət məktublar da yazırmış
ki, belə bir faktın özülüyü onun edamının gerçək səbəbləri ilə bağlı müəyyən
fikirlər yürütməyə əsaslar verir. 273-cü ildə (bəzi mənbələrdə 269-cu ildə, 14
fevralda) Valentin edam edilir. Əfsanələr belə yaşadır bu hadisəni və
yaddaşsızlar da bunun nə dərəcədə həqiqət olub olmadığından asılı olmayaraq belə
qəbul edirlər.
Xristian inancı gücləndikcə
bayrama qarşı çıxanların da sayı artsa da, kilsə bayramın kökünü tam kəsməyə
müvəffəq olmur. Bu zaman Vatikan, ona dini don geyindirməyə cəhd edir. Və bu cəhdi
də baş tutur. 496-cı ildə Roma papası Qelasius romalıların «cinsi istək»
bayramını, «müqəddəs Valentin» gününə çevirir. Beləliklə də «bayram»
xristianlaşdırılır. Lakin 1969-cu ildə Roma Katolik Kilsəsi bu səhvi düzəldir və
keşiş Valentinin adı kilsənin müqəddəslər siyahsından çıxarılır, "Müqəddəs
Valentin günü" bayramının keçirilməsi isə kilsə tərəfindən “məsləhət
görülmür”.
Amma mən şəxsən bir şeyi anlaya
bilmirəm. Bir insanın öz sevdiyini təbrik etməsi və ya onunla özəl bir gün
yaşaması üçün, illahda hamı tərəfindən qeyd edilən bir sevgililər bayramına
ehtiyac duymalıdır? Sizcə bu ümumi qayda, sizin də ruhunuza və ürəyinizə hakim
kəsilən sevginizi adiləşdirmirmi, bəsit etmirmi? Bir sevənin sevgililər günü,
öz sevdiyini ilk dəfə görüdüyü və ya sevgisini etiraf etdiyi gün ola bilməzmi?
Amma biz qərbləşməkdə israrlıyıq. Qərbləşməklə, özümüzü daha sivil, daha mədəni
göstərməyə çalışırıq. Hətta bu zaman nəyi qeyd etdyimizin fərqinə varmadan,
hansı dəyərlərin və mənəvi zənginliyin üzərindən xətt çəkdiyimizi anlamadan. Öz
pak, təmiz sevgimizə bu cür çirkin bayramların əslində özündə nəyi ehtiva etməklə
necə ləkə vurduğunu düşünmədən. Halbuki bu «əziz» deyilən Valentinin kimliyi və
ya bu bayramın tarixi barədə bir az düşünsək, əminəm ki, öz sevgimizə belə ləkə
sürmərik.
Məncə düşünməyə dəyər...
01:24 14.02.2026
Oxunuş sayı: 392