Beynəlxalq Muğam Mərkəzində “Əbədi and yeri” adlı tədbir keçirilib
Yanvarın 19-da Beynəlxalq Muğam Mərkəzində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş "Əbədi and yeri" adlı anım tədbiri keçirilib.
Tədbir "İRƏLİ" İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə baş tutub.
Anım tədbiri şəhidlərin əziz xatirəsinə ehtiramla başlanıb. 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşına qanla yazılmış tarix olduğu, sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilmiş bu qanlı hadisənin yüzlərlə günahsız insanın həyatına son qoyduğu vurğulanıb.
Tədbirin rəsmi hissəsində çıxış üçün "İRƏLİ" İctimai Birliyinin sədri Şahin Rəhmanlı dəvət olunub. O bu faciənin milli azadlıq mübarizəsində dönüş nöqtəsi olmasından danışıb.
Daha sonra 20 Yanvar faciəsinin acı həqiqətlərini öz obyektivi ilə tarixə köçürən, həmin günlərin canlı şahidi olan fotomüxbir, jurnalist Rasim Sadıxov çıxış edib. O, 20 Yanvarda şahidi olduğu hadisələrdən danışaraq çəkdiyi fotoların tarixi əhəmiyyətini vurğulayıb. Tədbir çərçivəsində Rasim Sadıxovun 20 Yanvar faciəsi zamanı lentə aldığı fotolardan ibarət sərgi də nümayiş olunub.
Anım mərasimi bədii hissə ilə davam edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Bakı İctimai Xorunun ifasında xalq mahnıları və görkəmli Azərbaycan bəstəkarlarının əsərlər – "Sarı gəlin", "Küçələrə su səpmişəm", Vaqif Mustafazadənin "Mart" əsəri, "Qalmaz belə, qalmaz dünya", "Şahsənəm" operasından ariya, Rafiq Babayevin "Əlvida", Eldar Mansurovun "Yada sal məni" və Vasif Adıgözəlovun "Qərənfil" əsərləri səsləndirilib.



Nigar Yahyazadə
20:28 19.01.2026
Oxunuş sayı: 1142