Bakıda Zəfər Paradı və İran İslam Respublikasının “Qarın Ağrısı”
Noyabrın 8-də Bakı şəhərində keçən Zəfər paradı bir daha dünyaya birliyimizi, gücümüzü və iradəmizi nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqın qələbə əzmi bu gün də yüksəkdə idi və şad günümüzə toplanan dostlar və qardaşlar da bizimlə sevincini bölüşdürürdü. Güney Azərbaycanın bütün siyasi və mədəni təşkilatları xalqın zəfər gününü təbrik etmək məqsədi ilə bəyanatlar yaydılar, Təbrizdə, Ərdəbildə, Urmiyədə insanlar biri-birinin evlərinə qonaq gedir, mərasimlər keçirir, yürüşlər təşkil etdilər.
Güney Azərbaycandan minlərlə soydaşımızdan bayram təbriki aldığımız halda İran İslam Respublikasından bir “səs” çıxmadı. Soydaşlarımızın sevinc dolu səsini, sözləri, təbrikləri, bəzilərinin isə şeirlə dediyi ürək sözləri insanı qürurlandırırdı. Adama elə gəlirdi ki, güneydə milyonlarla insan televiziya qarşısında əyləşib bayram paradına iftixar hissi ilə tamaşa edir.
Paradın rəsmi açılışında Prezident İlham Əliyevin çıxışı bütün dünya azərbaycanlılarına yönəlmişdi. Avropada, Amerikada, Kanadada yaşayan azərbaycanlılar televizor qarşısında iftixarla mərasimi izləyirdi. Azərbaycana “qardaş” deyən Türkiyə Cümhuriyyətinin lideri, dünya səviyyəli siyasi xadim Rəcəb Tayyib Ərdoğanın təbrikini hamı səbirsizliklə gözləyirdi. Yüksək səviyyəli natiq olan R.T.Ərdoğan yenə də dinləyənləri valeh etdi. Səmimi, ürəkdən gələn qardaş təbriki məhz belə olar.
Pakistanın baş naziri Şahbaz Şərif ingilis dilində danışsa da Azərbaycana ünvanlanmış səmimi təbriki də əsl qardaş təbriki idi. Sağ olsunlar, “pis günlərdə” olduğu kimi “xoş günlərdə” də həmişə yanımızdadırlar.
Bəs bu İranın “qarın ağrısı” nədir? İranın rəsmi məqamları niyə səsin çıxarmırlar? İranın prezidenti Məsud Pezeşkian “qardaş” deyəndə elə bil bu ölkədə “zəlzələ” olur. Düzülürlər ard-arda məddahlar, biri “qureyşilərdən” danışır, biri “ürək” bağlarından. İstəyirlər ki, Güney Azərbaycan Quzey Azərbaycana qardaş deməsin. Bəs kimə desin? Və ya sizin hər hansı bir qardaş anlayışınız var?
Möhtərəm İranın islam-şiə tərəfdarları... Məgər siz min ildən artıqdır ki, İmam Hüseyin yolunda Əbəlfəzin bir qardaş olaraq nə etdiklərini, qəhrəmanlığını, şücaətini təbliğ etmirsiniz? Bu sizin dünyagörüşünüzdə bir nümunə deyil məgər? Görsənən odur ki, siz bu tarixdən nəticə çıxarmadınız və İmam Hüseyin yolunu da düzğün anlamadınız.
Son illərdə İranın dövlət siyasətində zərdüştilik simvollarının təbliği, “daryuş” və “kuruş” obrazlarının qabardılması, islamın təməl qanunlarından yayınması, fars dilinin modernləşdirilməsi adı ilə irticaçı təzyiqlər kompaniyalarının keçirilməsi ölkənin dərin tənəzzüldə olduğunu göstərir. Keçən 46 ildə İran ideoloqları anlamadı ki, “Mərg bər Amrika” dedikcə, öz xalqına qarşı edilən bütün təcavüzləri legitimləşdirirlər. Zəngin sərvətləri olan ölkəni və onun istedadlı insanlarını məhrumiyyətdə saxlamaq, qorxuda yaşatmaq, qonşularla düşmənçilik etmək, dünyaya meydan oxumaq deyil, insan sevər olmaq, qardaşlığı dəstəkləmək, yaxınlarının yanında olmaq lazımdır.
Əlbəttə ki, Azərbaycanın bu zəfər gününü milyonlarla güney azərbaycanlı bayram etdi, qürurlandı - “Hamı bir eyd eylədi, biz iki bayram eylədik...” Bayramın biri əgər Zəfər günü idisə, ikinci bayram güneyli soydaşlarımızın milli oyanışı və azad iradəsinin ifadəsi idi.
01:00 09.11.2025
Oxunuş sayı: 14667