Həkim valideynlərə səsləndi: "Uşağın məşğuliyyəti telefon və ya televizorla məhdudlaşırsa..- Müsahibə

Uşaqların sağlam inkişafı valideynlər üçün ən mühüm məsələlərdən biridir. Bu inkişafda sinir sisteminin rolu isə xüsusilə önəmlidir. Müasir dövrdə texnologiyanın təsiri, hamiləlik dövründə rast gəlinən risklər, doğuş zamanı çətinliklər və digər amillər uşaqlarda müxtəlif nevroloji problemlərin yaranmasına səbəb ola bilir.
Valideynlərin bu problemləri vaxtında tanıması və erkən diaqnozun qoyulması uşağın gələcək həyat keyfiyyəti üçün həlledici əhəmiyyət daşıyır.
"Doktor danışır" rubrikasının bu dəfəki qonağı həkim, uşaq nevropotoloqu Elşən Qarayevdir.
— Həkim, uşaqlarda ən çox rast gəlinən nevroloji problemlər hansılardır və valideynlər onların ilkin əlamətlərini necə tanıya bilərlər?
– Uşaq nevrologiyası yeni doğulmuş dövrdən 18 yaşına qədər uşaqlarda baş beyin, onurğa beyni, sinir və əzələ sisteminin xəstəlikləri ilə məşğul olur. Valideynlər bəzən nevroloji problemləri vaxtında müşahidə etməkdə çətinlik çəkə bilirlər. Buna görə də nevroloqun əsas vəzifələrindən biri uşağın nevroloji inkişafını mərhələ-mərhələ izləməkdir.
Normalda uşaq zaman keçdikcə danışmaq, yerimək, sosial bacarıqlar qazanmaq kimi inkişaf mərhələlərini keçir. Əgər bu ardıcıllıqda ləngimə və ya geriləmə olarsa, nevroloq həmin problemi erkən aşkar etməli və müdaxilə etməlidir. Valideynlər üçün əsas siqnallar – uşağın yaşıdlarından gec danışması, gec yeriməsi və ya hərəkətlərində geriləmə müşahidə olunmasıdır. Bundan əlavə, müayinələr zamanı biz patoloji refleksləri və ya yaşına uyğun olmayan davranışları müəyyənləşdiririk.
Nevroloji problemlərin əsas səbəbləri isə daha çox hamiləlik dövründə yaranır. Məsələn, anada şəkər, qalxanabənzər vəzin xəstəlikləri, yüksək təzyiq, infeksiyalar və ya zərərli vərdişlər dölün beyninin zədələnməsinə səbəb ola bilər. Həmçinin doğuş zamanı yaranan çətinliklər və ya körpənin beyin infeksiyası keçirməsi də nevroloji fəsadlara yol aça bilər. Belə uşaqlar mütləq nevroloqun davamlı nəzarətində olmalıdır.
– Erkən diaqnozun uşağın gələcək inkişafına təsiri nə dərəcədə önəmlidir?
– Uşaq nevrologiyasında erkən diaqnoz və müdaxilə çox mühüm rol oynayır. Biz serebral iflic, autizm və ya digər inkişaf ləngimələrini vaxtında müəyyən etsək, beynin ən sürətli inkişaf dövründə – yəni erkən yaşlarda – reabilitasiyaya başlamaqla daha yaxşı nəticələr əldə edə bilirik. Məsələn, autizmli uşağa 2 yaşında reabilitasiya proqramı tətbiq etmək, 4 yaşında başlamaqla müqayisədə daha uğurlu olur.
– Texnologiyadan – telefon, planşet, kompüterdən həddindən artıq istifadə uşaqlara necə təsir göstərir?
– Təəssüf ki, bu gün texnologiya uşaqların həyatına çox erkən yaşda daxil olur. Amerika Pediatriya Assosiasiyasının tövsiyəsinə görə, 2 yaşına qədər uşaqların ümumiyyətlə ekrana baxmaması, sonrakı yaşlarda isə valideyn nəzarəti altında məhdud müddətdə istifadəsi tövsiyə olunur. Çünki həyatın ilk 3 ili beynin ən sürətli inkişaf dövrüdür. Bu mərhələdə uşaqlar ekrana çox məruz qaldıqda, onların sosial və nitq bacarıqlarında geriləmə müşahidə edilə bilər. Daha böyük yaşlarda isə həddindən artıq ekran istifadəsi hiperaktivlik, diqqət dağınıqlığı, yaddaş və yuxu problemləri, davranış pozuntuları ilə nəticələnə bilir.
– Valideynlər çox vaxt uşağı sakitləşdirmək üçün telefondan istifadə edirlər. Sonradan cihazı birdən-birə əlindən alanda isə uşaq aqressivləşir. Belə hallarda nə etmək lazımdır?
– Doğrudur, bu, ən aktual problemlərdəndir. Əgər uşağın gündəlik məşğuliyyəti yalnız telefon və ya televizorla məhdudlaşırsa, həmin boşluğu birdən-birə doldurmaq çətin olur. Ona görə də alternativ fəaliyyətlər mütləqdir. Uşaq idmanla, musiqi ilə, rəsm və ya digər yaradıcılıq kursları ilə məşğul ola bilər. Bu fəaliyyətlər həm uşağın vaxtını səmərəli keçirir, həm də beynin inkişafına müsbət təsir göstərir. Burada əsas məsələ odur ki, uşağın sevdiyi bir məşğuliyyəti olsun – bu, onun həm psixoloji, həm də nevroloji sağlamlığı üçün vacibdir.
– Valideynlər uşaqların sinir sisteminin sağlam inkişafı üçün nələrə diqqət etməlidirlər?
– İlk növbədə ekran istifadəsini minimuma endirmək, uşağın normal gecə yuxusunu təmin etmək, təmiz havada çox vaxt keçirməsinə şərait yaratmaq lazımdır. Valideynlər uşaqlarla birlikdə zaman keçirməli, onların sosial bacarıqlarının formalaşmasına dəstək olmalıdır. Həmçinin ailədaxili mühitin sakit və mehriban olması uşaqların psixoloji vəziyyəti üçün son dərəcə vacibdir.
– Son olaraq, bir həkim kimi valideynlərə uşaq nevroloji sağlamlığının qorunması üçün hansı “qızıl qaydaları” tövsiyə edərdiniz?
– Mən 5 əsas qaydanı xüsusi vurğulamaq istərdim. Birincisi, valideynlər öz davranışları ilə uşaqlara nümunə olmalıdırlar. Uşaq valideynin kitab oxuduğunu görürsə, özü də oxumağa maraq göstərəcək. İkincisi, normal yuxu rejimi qorunmalıdır – sağlam beyin üçün bu çox vacibdir. Üçüncüsü, ekran istifadəsi məhdudlaşdırılmalıdır. Dördüncüsü, uşağın sevdiyi bir məşğuliyyəti mütləq olmalıdır – idman, musiqi və ya yaradıcılıq sahəsi. Beşincisi, ailədaxili mühit sakit, sevgi və anlayış üzərində qurulmalıdır.
Əgər bu qaydalara əməl olunarsa, uşaqlar sağlam və cəmiyyətə yararlı fərdlər kimi formalaşacaqlar.
Elmir Heydərli
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
17:53 04.10.2025
Oxunuş sayı: 23360
