Misir sülh və birgəyaşayış mədəniyyətinin təşviqində ciddi tərəfdaşlıqlara açıqdır


Misirdə Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığa açıqdır. Baş Katiblik sülh və birgəyaşayış mədəniyyətinin təşviqində, xüsusilə Qərbdə islamın təhrif olunmuş imicilə, eləcə də müasir intellektual və humanitar çağırışlarla mübarizədə ciddi tərəfdaşlıqlara hazırdır. Bunu Misirin Baş müftisi, Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin sədri Nəzir Məhəmməd Əyad iyulun 8-də Qahirədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla görüşündə deyib.
Görüşdə dini plüralizmin və dinlərarası dinc birgəyaşayışın təşviqi, eləcə də islamofobiya probleminə qarşı mübarizə sahələrində əməkdaşlığın gücləndirilməsi yolları müzakirə olunub.
Misirin Baş müftisi ölkəsi ilə Azərbaycan arasında mövcud olan dərin tarixi və qardaşlıq əlaqələrinə toxunub, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin elmi və intellektual forumlar vasitəsilə birgəyaşayış dəyərlərinin möhkəmləndirilməsi və nifrət, ekstremizm kimi çağırışlara qarşı mübarizə sahəsində oynadığı fəal rolu yüksək qiymətləndirib.
Nəzir Məhəmməd Əyad rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, onun bu sahədə tanınmış beynəlxalq mərkəzlər və təşkilatlarla əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Bu kontekstdə Ümumdünya Fətva Evləri Baş Katibliyi nəzdində yaradılmış və ekstremizmin ideoloji əsaslarını araşdıran və təhlil edən, onun yayılma mexanizmlərini öyrənərək cəmiyyətləri bu axınlardan qorumağa çalışan “Salam” (Sülh) mərkəzinin, həmçinin “İmam Leys ibn Səd” fiqh və birgəyaşayış mərkəzinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb.
Öz növbəsində, Rəvan Həsənov rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında danışıb. Eyni zamanda, təlim, elmi və intellektual təşəbbüslərin həyata keçirilməsində, humanitar xarakterli birgə layihələrdə əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.
Görüşdə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri tədqiqatçı alim Seymur Nəsirov da iştirak edib.
08:59 09.07.2025
Oxunuş sayı: 989