NATO Ukraynanı Rusiyaya təslim edir?- Baş katibin sözləri göstərir ki...

NATO-nun Baş Katibi Mark Rutte: Rusiya bütün NATO ölkələrinin birlikdə istehsal etdiyi sursatdan daha çoxunu istehsal edir.
NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya üç ayda Şimali Atlantika Alyansına daxil olan bütün ölkələrin bir ildə istehsal etdiyi sursatdan bir neçə dəfə çox sursat istehsal edir.
"Biz ciddi geosiyasi problemlə üzləşirik. Və bu, ilk növbədə müasir tarixdə tayı-bərabəri olmayan sürətlə bərpa olunan Rusiyadır. Onlar üç ayda bütün NATO alyansının bir ildə istehsal etdiyi silahdan üç dəfə çox sursat istehsal edirlər", - o, "The New York Times"a müsahibəsində deyib.
Rutte iddia edir ki, Şimali Atlantika Alyansı liderlərinin Haaqada keçirilən sammitində 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq barədə əldə olunan razılaşma NATO ölkələrinin, o cümlədən Rusiyadan təhlükəsizliyin təminatı üçün zəruridir. "Bəli, bunlar çox böyük xərclərdir. Amma onlara getməsək, rus dilini öyrənməli olacağıq", - o deyib.
Rusiyanın guya NATO ölkələrinə hücum etmək niyyəti ideyası son aylarda alyans və Aİ strukturlarının rəhbərləri tərəfindən daim təkrarlanır. Nə təşkilatın baş katibi, nə də Avropa Komissiyasının rəhbəri Moskvanın bunu niyə etdiyini izah etmir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ruttenin Rusiya və Çindən gələn təhlükə ilə bağlı açıqlamalarına özünəməxsus şəkildə münasibət bildirib. O, Ruttenin yalnız bir məsələdə haqlı olduğunu vurğulayıb: Baş katib rus dilini öyrənməlidir. Medvedevin sözlərinə görə, Rutte Rusiyanın Avropaya hücum edə biləcəyinə inanaraq Moskva ilə Pekin arasında gizli sui-qəsd haqqında xəyallar qurur. Eyni zamanda o, qeyd edib ki, Rutte, həqiqətən də, rus dilini öyrənmək zərurəti barədə düşünə bilər ki, bu da gələcəkdə faydalı olacaq. "O, Çin və Rusiya arasında Tayvanla bağlı sui-qəsdi, daha sonra isə Rusiyanın Avropaya hücumunu görür. Amma o, bir məsələdə haqlıdır: rus dilini öyrənməlidir. Bu, Sibir düşərgəsində işinə yaraya bilər", - Medvedev “X” sosial şəbəkəsində yazıb.
Ruttenin Rusiyanın imkanlarını bu qədər yüksək qiymətləndirməsi acı həqiqətlərin üzə çıxması, yoxsa Ukraynanı Rusiyaya təslim etmək planının tərkib hissəsidir?
Rusiya – Ukrayna müharibəsinin gedişi bunu yaxın zamanlarda aydınlaşdıracaq.
Almaz Abasova, siyasi şərhçi
13:33 06.07.2025
Oxunuş sayı: 996