Türkiyə Hörmüz boğazının bağlanması riskinə qarşı alternativ nəqliyyat marşrutlarını gücləndirir

Türkiyə Fars körfəzi ölkələrindən neft və qazın ixracında əsas nəqliyyat arteriyası olan Hörmüz boğazının bağlanması riskini minimuma endirmək üçün quru və dəniz logistik marşrutlarını fəal şəkildə inkişaf etdirir. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
“Boğazın bağlanacağı təqdirdə etibarlı alternativlərə ehtiyacımız var. Bu səbəbdən biz ‘İnkişaf Yolu’ və ‘Orta Dəhliz’ layihələrini həyata keçiririk”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, “İnkişaf Yolu” layihəsinin 2,1 min kilometrlik hissəsi Türkiyə ərazisindən keçir və bu infrastrukturun yaradılmasına təxminən 24 milyard dollar sərmayə qoyulması nəzərdə tutulur. Paralel olaraq, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – “Orta Dəhliz” də gücləndirilir, burada marşrutun 2,2 min kilometri Türkiyə ərazisinə düşür. Qeyd olunur ki, bu marşrutun əsas hissələrinin tikintisi artıq tamamlanıb.
Layihələr tam istismara verildikdən sonra yük daşımalarının Avropaya çatdırılma müddəti “İnkişaf Yolu” vasitəsilə 25 günə, “Orta Dəhliz”lə isə rekord səviyyəyə – 13 günə enəcək.
Xatırladaq ki, “Orta Dəhliz” kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə qədər uzanır və yük daşımaları Xəzər dənizi üzərindən həyata keçirilir. 2024-cü ildə bu marşrutla Çindən daşınmış yüklərin həcmi ötən illə müqayisədə 25 dəfədən çox artaraq 27 min konteyneri ötüb.
08:19 23.06.2025
Oxunuş sayı: 2174