Putinin İstanbula getməməsinin əsl səbəbi: "Rusiya hərbi təyyarələri..."

Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralında genişmiqyaslı hərbi toqquşma ilə başlayaraq beynəlxalq gündəmi zəbt etmiş, regionda və qlobal miqyasda ciddi siyasi, iqtisadi və humanitar nəticələrə səbəb olmuşdur. Münaqişə davam etdikcə, müxtəlif beynəlxalq aktorların vasitəçiliyi ilə sülh danışıqları üçün cəhdlər göstərilir. Bu kontekstdə İstanbulda keçirilməsi planlaşdırılan danışıqlar regional diplomatiya baxımından mühüm əhəmiyyət daşıyır. Lakin Rusiya prezidenti Vladimir Putinin bu görüşlərdə iştirak etməmək qərarı müxtəlif mülahizələrə səbəb olmuş və beynəlxalq ictimaiyyətdə geniş müzakirələr doğurmuşdur.
Rəsmi Moskva əvvəllər dəfələrlə sülhdə maraqlı olduğunu deyib, amma Kreml rəhbərinin görüşdə iştirak etməməsi yeni suallar yaratdı. Belə çıxır ki, Putin səmimi deyil.
Onun bu qərar barədə Crossmedia.-az-a danışan türkiyəli politoloq, professor Yaşar Onay Putinin bu qərarının bir neçə amillə izah oluna biləcəyini diqqətə çatdırıb: "Əsas səbəblərdən biri kimi təhlükəsizlik məsələləri göstərilir. Belə ki, Putinin Türkiyəyə yalnız Rusiya hərbi təyyarələrinin müşayiəti ilə gəlmək tələbi NATO-nun hava hücumundan müdafiə sistemləri ilə uyğunsuzluq yaradıb. Eyni zamanda, onun Ukrayna prezidenti Volodimir Zelenski ilə birbaşa qarşılaşmadan yayınmağa çalışdığını və mümkün beynəlxalq məhkəmə proseslərindən ehtiyat etdiyi də danışılır. Diplomatik müstəvidə isə Kremlin danışıqlara aşağı səviyyəli nümayəndə heyəti göndərməsi, prosesə məsuliyyətlə deyil, daha çox taktiki vasitə kimi yanaşdığını göstərir. Bu yanaşma Qərb liderləri tərəfindən "yetərincə ciddi olmamaq" kimi qiymətləndirilib. Ukrayna tərəfi də Putinin danışıqlarda iştirakdan imtinasını sülh prosesinə zərbə kimi dəyərləndirib".
Onun sözlərinə görə Kreml Putinin İstanbula səfərinin əvvəlcədən planlaşdırılmadığını və danışıqların nəticələrinə uyğun mövqe bildirəcəyini açıqlayaraq, prosesə böyük gözləntilərlə yanaşmadığını nümayiş etdirib.
Ləman Həsənova
14:40 16.05.2025
Oxunuş sayı: 762