Cross Media-nın bayram namazından reportajı: "Bura hər zaman dua üçün açıqdır"






Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün ənənəvi bayram namazı qılınır.
Səhər saatları olmasına baxmayaraq, ətrafda ciddi izdiham müşahidə olunur. Xeyli sayda insan bu gün Bayram namazını qılmaq üçün Təzə Pir Məscidinə gəlir. Biz də onların arasındayıq. Həm bayram namazımızı qılmaq, həm də reportaj hazırlamaq üçün məscidə yollanmışıq.
Gələnlər arasında uşaqlar da var. Səhər saat 9-da axund Hacı Faiz Nağızadənin imamədliyi ilə bayram namazı qılınır. İnsanlar dua edirlər. Valideynlərin yanında uşaqların da olması olduqca diqqət çəkən məsələdir. Bu cəmiyyət tərəfindən də müsbət qarşılanır. Nə gözəl ki, valideynlər uşaqlarını kiçik yaşlarından ibadət etməyi, namaz qılmağı öyrədirlər.
Ətrafda həmkarlarımızı da görür, bayram münasibətilə bir-birimizi təbrik edirik.
Məscidə gələnlər sədəqə verir, ehsan paylayırlar. Onların arasında xeyriyyə işlərinə qatılan gənclər də var. Bayram sevincinin yalnız ibadətlə deyil, həm də paylaşmaqla gözəlləşdiyini görmək insana xüsusi hisslər yaşadır.
Ətrafdakı insanların sevincini, həyəcanını hiss etmək mümkündür. Bir ana qızını qucaqlayaraq ona xeyir-dua verir. Qızın gözlərində xoşbəxtlik oxunur. Uşaqlar valideynlərinin əlindən tutaraq məscidə daxil olur, onların yanında olmaqdan səvinc hissi keçirir və ana- atalarının hərəkətlərini təkrarlayırlar. Bəlkə də, Ramazanın, namazın mahiyyətini hələ anlamırlar. Amma ilahi inanc indidən onları ibadətə səsləyir. Əlbəttə, bu məsələdə onların valideynlərinin də xüsusi rolu var.
İnsanlar bir-birilərinə təbəssüm edir, bayramlaşır, hal-əhval tutur. Hər kəsin üzü gülür.
Ümumiyyətlə, Ramazan ayında oruc tutulması hicrətin ikinci ilində (622-ci il) müsəlmanlara vacib edilib. Bu ay insanlara Allah sevgisini, iradə və dözümünü sınamağı öyrədir. Ramazan orucu müqəddəs sayılır və "on bir ayın sultanı" adlandırılır. Məhz bu ayın son on günündə Quran nazil olmuşdur. Qədr gecəsi isə min aydan xeyirli hesab edilir və Quranda bu gecənin bərəkətli və müqəddəs olduğu bildirilir.
...Məscidin həyətində gördüyümüz mənzərə bizi heyrətləndirir. Hətta fiziki qüsurlu insanlar da yerə, soyuq daşın üstünə oturararaq ibadət edirlər. Yaşlı bir kişi əllərini göyə açaraq dua edir. Onun qəlbən etdiyi dualar, inamla pıçıldadığı sözlər bizi təsirləndirir. Bayram namazından sonra insanlar bir-birlərini təbrik edir, mehribanlıqla qucaqlaşır, bayramın sevincini bölüşürlər.
Bir az kənarda bir uşaq atasının əlindən tutaraq həyəcanla soruşur:
- Ata, sabah da buraya gələ bilərikmi?
Atası isə cavab verir: "Əlbəttə, oğlum. Bura hər zaman dua üçün açıqdır".
Biz də ətrafımda gördüyüm insanlara "Allah orucunuzu və dualarınızı qəbul etsin" deyirik. Onların üzündəki təbəssümü hiss edirik. Gözlərində sevinc, qəlblərində rahatlıq var.
Burada hər kəs eyni məqsədlə toplaşıb – dualar etmək, bayramın sevincini yaşamaq, paylaşmaq.
Təkcə azərbaycanlılar deyil, digər xalqların nümayəndələri də bayram namazında iştirak edirlər. Məsələn, qardaş Pakistan xalqının nümayəndələri. Onları ingilis dilində təbrik edəndə aldığımız cavab belə olur:
- Biz sizin musiqili, şirin dilinizi başa düşürük.
Ölkəmizdəki digər müsəlmanların, o cümlədən pakistanlıların məscidlərimizdə dua etməsi belə düşünməyə əsas verir ki, onlar da Azərbaycan da dinə verilən önəmi anlayır və yüksək qiymətləndirirlər. Amma o da aydındır ki, Azərbaycanda özünü demokratik adlandıran bir çox ölkədən fərqli olaraq dini dözümlülük var.
Bu gün yalnız ibadətin deyil, həm də birlik və bərabərliyin günüdür. Bayramın sevincini paylaşan insanlar arasında olmaq, onların sevincinə şərik olmaq, bu mübarək günü birlikdə qeyd etmək bizə unudulmaz bir hiss yaşadır.
Biz də öz növbəmizdə nəzir veririk. Nəzir verdiyimiz yerdə ayağını bükərək oturan orta yaşlı kişi azca dikəlir və bizə təşəkkür edərək, "Ramazanımız mübarək qızım, Allah orucunuzu qəbul eləsin" deyir. Onun bu kiçik cümlədəki alqışının nə qədər böyük olduğunu ikimiz də dərk edirik və yol boyu qayıdanda bir- birimizlə müzakirə edirik.
İkimizin də içində qəribə rahatlıq var. Bütün müsəlmanlar kimi. Elə bil, günahlarımız bağışlanıb...
Kənan Novruzov,
Fatimə Məmmədova
10:24 30.03.2025
Oxunuş sayı: 15380