Azərbaycanda “professor” böyük müəllim deməkdir

Azərbaycanda elmi dərəcə və elmi adları dövlət başçısı verir. Bu iş üçün müvafiq qurumlar təsis olunub və onların vəzifələri müəyyənləşdirilib. Proses AR Prezidentinin 11.06.2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Elmi dərəcələr və elmi adların verilməsi qaydası haqqında” Əsasnaməyə uygun olaraq həyata keçirilir.
Professor olmaq üçün fəlsəfə doktoru elmi dərəcəsi almış, dosent adına çatmış, elmlər doktoru dissertasiyasını müdafiə etmiş bir alim 30-40 il zaman çəkə biləcək ağır, stresli və əvəzi qaytırılmayan bir yol keçir. Bu yolda tələb olunan bir sıra şərtlərdən ən maraqlısı prosesin sonunda “zəfəran suyu” ilə 420 min işarəli monoqrafiya yazaraq onu xaricdə çap etdirməkdir.
Azərbaycanda hal-hazırda elmi-pedoqojı fəaliyyətlə məşgul olan professorların orta yaş göstəricisi 70-80 arasındadır. AAK-ın Əsasnaməsinə görə “vəzifəli şəxslərin” professor adını almasını asanlaşdıran xüsusi şərtlər diqqəti cəlb edir. Direktor, direktor müavini, elmi işlər üzrə müavin, elmi tədqiqat şöbələrinin müdirləri, elmi katiblər professorluğa gedən yolu stressiz, gərginliksiz və daha rahat keçir. Vəzifəli şəxslərin professor olması vacibliyi haradan qaynaqlanır və ya professor olması vacib olan məqamlara şəxsləri inzibati qaydada təyin edərək sonradan onlara professor adı vermək nəyə xidmət edir? İlk ağla gələn sual odur ki, bu hər yerdə belədir, yoxsa bizim müəyyən etdiyimiz normalardır? Odur ki, dünya təcrübəsinə bir nəzər salaq.
Professor latın dilində olub “elmi işçi”, “böyük müəllim” mənasını verir və bu ad ilk dəfə 16-cı əsrdə Oksford Universitetində tətbiq olunub. Biz isə bu terminlə Rusiya vasitəsi ilə tanış olmuşuq və müasir Rusiya universitetlərində professor ən yüksək müəllim vəzifəsidir. ABŞ-da bizim professor adlandırdıgımız vəzifənin ekvivalenti “tam professor” kimi tərcümə edilir.
Professor adının hüquqi statusu ilə onun, məişətdə istifadə olundugu anlayış bəzi ölkələrdə fərqlidir. Məsələn, İspaniyada, Portuqaliyada, Fransada və Latın Amerikasında (ispan və portuqal dillərində danışan dövlətlərdə) “professor” termini tədris prosesi olan bir çox yerdə, dərsdən və tələbələrin yaşından asılı olmayaraq məktəbdə, institutda, texnikumda, peşə məktəbində, kollecdə, universitetdə hər hansısa müəllimə şamil edilir. İspaniyada professor adı “professor de autoescuela” yəni, sürücülük təlimatçısı, eləcə də ibtidai və orta məktəblərdə müəllimlərə deyilən addır. Müəyyən dərəcədə eyni şey Avstriyada, Belçikada və Almaniyanın cənubunda da tətbiq olunur. Lakin universitetdə müəllim dərs deyəndə mütləq vurğulanır ki, bu - “universitet professoru” və ya “kafedranın professorudır”. Burada elmi adlar nüfuzlu elmi şuralar tərəfindən verilir və geniş akademik mühitdə qəbul olunur.
Professorun standart "portreti" yüksək səriştəli bir universitet müəllimi və eyni zamanda müəyyən bir elmi istiqamət və ya fəaliyyət sahəsində yüksək səviyyəli mütəxəssis olan bir alimdir. Lakin bəzi ölkələrdə “professor” sözü geniş latın mənasını saxlamış və hər hansı bir təhsil müəssisəsindəki bütün müəllimlərə müraciət etmək üçün istifadə olunur. Bu ölkələrdə professor sözü Azərbacanda istifadə etdiyimiz “müəllim” sözünə uygun gəlir. Müəllimləri professor olaraq adlandırmaq böyük ehtiram əlaməti kimi qəbul edilib. Lakin müəllim olmayana ehtiram olaraq professor demək ənənəsi yoxdur.
Rusiyada və əksər Avropa ölkələrində “professor” termini yalnız universitetlərdə və elmi-tədqiqat institutlarında yüksək dərəcəli müəllimlərə müraciətdə istifadə olunur. ABŞ və Kanadada olan “köməkçi (asisent) professor” bizə Rusiyadan keçmiş dosent elmi adı ilə eyni status daşıyır.
Professorların peşə öhdəliklərinə tədris prosesində yaxından iştirak etmək, mühazirə oxumaq, kurslar yaratmaq, aspirantlara rəhbərlik etmək, elmi-tədqiqatlar aparmaq, yeni nəticələrin nəşrini planlaşdırmaq, elmi şuralarda təmsil olunmaq, dissertasiyaların müdafiəsində və təhsil müəssisəsinin idarə edilməsində iştirak etmək daxildir. Bu komponentlərin nisbəti konkret qurumlardan asılıdır. Elmi-tədqiqat institutunun professorunun tədris fəaliyyəti elmi-tədqiqat institutunda təcrübə keçən tələbə və aspirantlara fəal şəkildə rəhbərlik etməkdən və ya eyni zamanda hansısa universitetdə əsas, “ana fənlər” üzrə dərs deməkdən ibarət ola bilir.
Rusiya imperiyasının ali məktəblərində doktorluq dərəcəsi tələb olunan “fövqəladə professor” və “adi professor” vəzifələri mövcud idi. O zaman belə vəzifələrdə çalışan müəllimlərin titulu “professor” sözü ilə deyil, dərəcələr cədvəlinə görə müəyyən rütbələr alması ilə müəyyənləşirdi. 1804-cü ildən fövqəladə professor 8-ci dərəcəli, 1884-cü ildən isə 6-cı dərəcəli kollegiya müşaviri rütbəsi ilə müəyyən olunurdu. 1803-cü ildən sıravi professor 7-ci dərəcəli məhkəmə müşaviri, 1884-cü ildən isə 5-ci dərəcəli dövlət müşaviri rütbəsi alırdı.
Son 30 ildə Rusiya Federasiyasında professor elmi adının verilməsi ilə əlaqədar xeyli dəyişikliklər və onunla da birlikdə xeyli qarışıqlıqlar yarandı. Bu sələhiyyətlər müxtəlif qurumların nəzdinə verildi və xeyli neqativ hallar ortaya çıxdı. “Professor” elmi adı ömürlük verilir və iş yeri dəyişdikdə, işdən çıxarıldıqda və ya təqaüdə çıxdıqda onun sahibi tərəfindən saxlanılır. Buna baxmayaraq, 2016/2017-ci tədris ilinin əvvəlinə Rusiya ali məktəblərində, elm və təhsil təşkilatlarında professor elmi adı olan 28,5 min mütəxəssisin çalışdıgı haqqında məlumat verilir. 2015-ci ildə “Rusiya Elmlər Akademiyasının professoru” fəxri elmi adı təsis edilib və elmi işdə nailiyyətlərinə görə verilməyə başlanıldı. Bu gün 713 alim bu ada sahibdir.
2016-cı ildə Rusiya Təhsil Akademiyasında da oxşar ad - “Rusiya Təhsil Akademiyasının professoru” təsis edildi və 71 nəfərə təqdim edildi. Bu adlar, müvafiq olaraq, Rusiya Elmlər Akademiyasının Rəyasət Heyəti və ya Rusiya Təhsil Akademiyasının Rəyasət Heyəti tərəfindən verilir və Ali Attestasiya Komissiyasının verdiyi adlar kimi, ömürlükdür. 2010-cu illərdə bir sıra dövlət akademiyaları, məsələn, Rusiya Təbiət Elmləri Akademiyası da öz “professor titullarını” təqdim etmişlər.
Böyük Britaniyada “professor” adı kafedra müdiri üçün nəzərdə tutulub. Böyük Britaniyada “professor” termini ilə xatırlanan digər vəzifələr və ya fəxri adlar da var. ABŞ-da “professor” tədris prosesində iştirak edən, universitet və ya kollecdə dərs deyən hər kəsə verilən addır.
ABŞ-da "Dosent" (asisent professor) professor kimi təxminən 5-6 illik uğurlu işdən sonra verilən vəzifədir. Bizdə bu proses 2 il də ola bilir, 10 il də, hətda ömür boyu da uzana bilir. “Dosent" vəzifəsi adətən, işdən çıxarılma hüququ olmadan ömürlük verilir. Bu mərhələdə professor tədris və elmi-tədqiqat vəzifələrindən əlavə, universitetin fərqli xidmət sahələrinin idarə edilməsində də iştirak edə bilir. “Tam professor” (və ya sadəcə professor) əvvəlki vəzifədə 5-6 il uğurlu fəaliyyətin nəticəsində verilir.
Amerika universitetlərində tam professor vəzifəsi Rusiyanın professor vəzifəsinə bərabərdir. Rusiya Federasiyasında olduğu kimi ABŞ-da bu “titulu” almaq üçün ayrıca prosedur yoxdur. 1990-cı illərin sonlarına aid məlumatlara görə, ABŞ-da “tam professorlar” əsasən 40 yaşından sonra professor olurlar və karyeralarını 65 yaşında bitirirlər. ABŞ-da bir universitet, maaşı “tam professor”dan yüksək olan professor üçün “hörmətli professor” kimi fəxri vəzifəni universitet, ayrı-ayrı şəxslər, firmalar və təsisçilər hesabına yarada bilər.
Türkiyə Cumhuriyyətində də professorlar cəmiyyətdə nüfuzlu şəxslər hesab edilir və mərkəzi universitetlərdə 65 yaşa qədər, əyalət universitetlərində 75 yaşa qəfər çalışa bilirlər.
Almaniya universitetlərində rütbə və əmək haqqı ilə fərqlənən bir neçə professorluq var. “Adi professor” ən yüksək professor rütbəsidir və müəyyən bilik sahəsini təmsil edən kafedra müdiri vəzifəsini daşıyan alimdir. Bu vəzifə alman əmək haqqı kateqoriyasına C4 (və ya yeni əmək haqqı təsnifatına görə (W3) uyğun gəlir. Buna görə də belə professorlar “C4 professorları” adlanır. “Fövqəladə professor” ştat cədvəlində vəzifəsi nəzərdə tutulan, lakin adi professora tabe olan professordur. Əməkhaqqı C3 (W2) kateqoriyasına uyğundur. Çox vaxt tədqiqatçılar əvvəlcə fövqəladə professor vəzifəsini alırlar, daha sonra tam professor olurlar. Almaniyada universitet professorlarının hüquqi statusu “Ali təhsilin təşkilinin ümumi prinsipləri haqqında” Qanunun 3-cü fəslinin 2-ci bölməsi ilə tənzimlənir.
2002-ci ildən yaşı 35-dən aşağı olan alman alimlərinə professorluq hüququ verilmişdir. Onlar, “kiçik professor” vəzifəsi daşıyır, “Juniorprofessor” adlanır və W1 dərəcəsi ilə əmək haqqı ödənilir. Bunun ABŞ-dakı ekvivalenti dosentdir(asisent professor).
Yaponiyada bizim professor unvanının ekvivalenti Kyooju (kyo: ju) kimi səslenir. Bu adı daşıyanlar yapon ictimai mühitində hörmətli və sevilən insanlardırlar. Bu, ali məktəblərdə vakansiya olduqda müsabiqə yolu ilə tutulan ən yüksək elmi-pedaqoji vəzifədir. Professor adlı başqa bir anlayış yoxdur. Bu məqsədlə müvafiq mütəxəssis təhsil prosesinə və elmi-tədqiqat işlərinə cəlb olunur, aspirantlara rəhbərlik edir. Kyooju vəzifəsinə (professor) mütəxəssis təyin etmək qərarı konkret universitet tərəfindən qəbul edilir və universitetlər bu iş üçün dəqiq tələbləri formalaşdırır. Universitetlərin təşkili haqqında Yaponiya qanununa görə, bu yeri tutacaq ərizəçinin elmi dərəcəsi (hakushi) olmalıdır. Yaponiyada “elmlər doktoru” dərəcəsi yoxdur.
Göründüyü kimi hər bir dövlət, xalq və mədəniyyət öz alimlərinə xüsusi yanaşma sərgiləyir və bunu öz ənənələrinə uygun şəkildə edir. Müxtəlif ölkələrdə vaxtı ilə professor olmuş, sonradan siyasi fəaliyyətə keçmiş şəxslərə də rast gəlmək olar. Lakin bir gün də dərs deməmiş, sahəsində fərqlənən alimi olmayan, dövlət qulluqçusuna, nazirlik əməkdaşına professor adı verilməsi təcrübəsi yoxdur.
Professor elmi adı dövlət akkreditasiyasından keçmiş ali təhsil müəssisələrində və ya ali təhsilin təhsil proqramlarını həyata keçirən elmi institutlarda yüksək pedaqoji bacarıqlara malik, elmi nailiyyətləri olan və mütləq pedaqoji iş aparan elmi-pedaqoji işçilərə həmin müəssisələrin elmi şuraları tərəfindən təqdim edilən attestasiya sənədlərinə əsasən verilir. Professor özənə qədər mövcud olan elmi-pedoqojı ənənələri mənimsəmiş, onu qoruyan, artıran və gələcək nəsillərə ötürən elmi təfəkkürü olan yüksək dərəcəli pedaqoqa verilən addır.
Bir gənc, bakalavrdan başlayan və aspiranturaya uzanan on il müddətində gözlərinin qarşısında gördüyü professordan öyrənir, bəzən onu yamsılayır, ona hirslənir, qəzəblənir və sonunda onu anlamağa başlayır. Müəllimi olaraq onu sevsə də, sevməsə də ehtiram edir, alim olmaq, bir çox hallarda ona oxşamaq istəyir. Professor yaradılmış elmi ənənə ilə gələcək nəslin arasında körpüdür. Professor elmi etikanın daşıyıcısı və öz sahəsinin üsul (metodika) və qaydalarının dərin bilicisidir. Professor yoxdursa deməli elmi-pedoqojı varisliyə körpü də yoxdur.
1920-1930-cu illərdə Bakı Dövlət Universitetində təsis olunan kafedralarda bəzən elmi dərəcəsi olmayan şəxslər rəhbərlik edirdi. Məhz o illərdə yaranmış, formalaşmış alimlərə 60-70-ci illərdə iftixarla professor deyə müraciət edirdilər və bu ad dilimizdə, mədəniyyətimizdə və dəyərlər sistemimizdə yer aldı. Bəlkə ona görədir ki, nazirlik əməkdaşları, dövlət qulluqçuları, inzibati işçilər alimlik adını almaga bu qədər səy göstərirlər? Vəzifəli şəxslərə professor adının və digər elmi adların verilməsi üçün hüquqi tənzimləmədə mövcud boşluqdan ustalıqla istifadə edir, bəzən də saxtakarlıqlar olunur. Bu kimi “dekorativ professorların” akademik profili və elmi-pedoqojı fəaliyyəti ayrıca bir araşdırmanın obyektidir.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
16:00 24.03.2025
Oxunuş sayı: 12296
