TikTok ABŞ-da yenidən əlçatan oldu: Tramp məsələyə əl atdı
"Donald Trump"ın prezident seçilməsi və TikTok-u yenidən əlçatan edəcəyinə dair verdiyi sözün ardınca, 19 yanvar gecəsi qısa müddətli qapanmadan sonra TikTok ABŞ-da yenidən fəaliyyətə başladı. Milyonlarla istifadəçinin sevimlisi olan tətbiq, "Trump"ın TikTok-u qadağan edən qərarını müvəqqəti olaraq təxirə saldığını açıqlamasından sonra "App Store" və "Google Play" mağazalarına qayıtdı. Bəs bu qısa müddət ərzində nələr baş verdi?
Şənbə gecəsi TikTok ABŞ istifadəçilərinə xidmət göstərmək imkanını itirdi. Tətbiqi açmağa çalışan istifadəçilər belə bir mesajla qarşılaşdılar: “ABŞ-da TikTok-u qadağan edən qanun qüvvəyə minib. Təəssüf ki, hazırda TikTok-dan istifadə etmək mümkün deyil.” TikTok-la yanaşı, "ByteDance"ə məxsus digər tətbiqlər – "CapCut" və "Lemon8" də "Apple" və "Google" tətbiq mağazalarından silindi.
"Donald Trump", bazar ertəsi and içərək vəzifəyə başlamazdan əvvəl TikTok qadağasını müvəqqəti olaraq dayandıracağını açıqladı. Verilən qərar, TikTok-un ABŞ-dakı infrastruktur təminatçılarını və iş ortaqlarını rahatlaşdıraraq, tətbiqin 170 milyon amerikalı istifadəçiyə yenidən əlçatan olmasına imkan yaratdı.
TikTok verdiyi açıqlamada qeyd edib: “Trump”ın bizə verdiyi zəmanət sayəsində, ABŞ istifadəçilərimiz üçün xidmətlərimizi yenidən başlatdıq.” Bununla yanaşı, TikTok-un ABŞ-dakı uzunmüddətli varlığı hələ də qeyri-müəyyən olaraq qalır. "Trump", "ByteDance" ilə razılaşma əldə edilənədək qadağa qərarını təxirə salmağı planlaşdırır.
"Trump"ın təklifi TikTok-un ABŞ-da bir Amerika şirkəti ilə %50 ortaqlıq qurmasıdır. Lakin bunun həyata keçməsi üçün Konqresin geniş dəstəklədiyi qanunun geri götürülməsi tələb olunur.
Emil Nağızadə
01:40 20.01.2025
Oxunuş sayı: 2335