Fransa kəşfiyyat xidmətində qalmaqallar davam edir
Son iki il ərzində Fransa Xarici Siyasət və Hərbi Kəşfiyyat Birgə Xidmətinin (DGSE) dörd direktoru dəyişdirilib. Bu barədə Türkiyənin Haber Global telekanalı geniş reportaj yayımlayıb. Reportajda Fransa kəşfiyyat xidmətlərinin ciddi uğursuzluqları və qalmaqalları müzakirə olunur.
Qəddafi ilə əlaqələr və Sarkozi qalmaqalı
Haber Global telekanalının məlumatına görə, DGSE Muammar Qəddafi rejiminə maliyyə qarşılığında dəstək verməkdə ittiham olunur. Xüsusilə, 2007-ci ildə Nikolas Sarkozinin prezident seçki kampaniyasını Qəddafinin maliyyələşdirdiyi və bu məqsədlə Fransa tərəfindən 50 milyon avro alındığı iddia edilir. İddialara əsasən, DGSE Qədddafi ilə Sarkozinin Yelisey sarayında gizli görüşünü də təşkil edib.
Asiyada şəbəkə ifşası və Ukraynaya hərbi yardımların uğursuzluğu
DGSE həmçinin Cənub-Şərqi Asiyada fəaliyyət göstərən casus şəbəkəsinin uğursuzluğunda ittiham edilir. Xüsusilə, Myanmada üç fransız agentin həbs edilməsi xidmətin nüfuzuna ciddi zərbə vurub. Digər tərəfdən, Ukraynaya hərbi yardımın çatdırılmasında problemlər də DGSE-nin uğursuzluqları sırasındadır. Fransa tərəfindən Ukrayna ordusunun təlimi və silah tədarükünün təmin edilməsi tapşırılmışdı. Lakin iddialara görə, Ukrayna razılaşdırılmış miqdarda silah almayıb, bu da onun Rusiya pilotsuz təyyarələrinə qarşı mübarizəsini çətinləşdirib.
İranda həbs edilən fransız casusu
2024-cü ilin sentyabrında Fransanın vətəndaşı Bernard Felanın İranda casusluq ittihamı ilə həbs olunması da DGSE üçün böyük zərbə olub. Turizm şirkəti adı altında fəaliyyət göstərən Felan, saxlanıldıqdan sonra DGSE-nin onu yetərincə dəstəkləmədiyini bildirib.
Fransa kəşfiyyat xidmətlərinin uğursuzluqları beynəlxalq medianın diqqət mərkəzində qalmaqda davam edir. Bu qalmaqallar ölkənin təhlükəsizlik siyasətinə ciddi təsir göstərə bilər.
Emil Bağızadə
16:38 13.01.2025
Oxunuş sayı: 3361