Mütaliənin insan psixologiyasına təsiri
Hazırki dövrdə məşğul olduğumuz bütün faəliyyətlər insan psixologiyasına müxtəlif formada təsir göstərir. Bu faydalı fəaliyyət formalarından biri də mütaliə etməkdir. Mütaliə etməyin bir çox psixoloji faydaları mövcuddur. Kitab oxumağın hələ kiçik yaş dövründən vərdiş halına çevrilərək öyrədilməsi daha məqsədəuyğun hesab edilir. Əlbəttə ki, burada sosial amillər və mühit, davranış faktorunu xüsusi qeyd etməliyik. Mütaliə - hər hansı mətndə verilmiş məlumatı izah etməyə yönəlmiş kommunikasiya – əlaqə fəaliyyətidir. Bu kommunikasiyada müəllif, çap məhsulu, oxucu və ya oxucu auditoriyası iştirak edir. Tədris proqramının tələbinə uyğun olaraq oxucu məfhumunun məzmununu açmağa ehtiyac duyulur.
Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına imkan yaradır. Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Mövcud olan bu özünəməxsus maraq və tələbatlar mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda insanın mütaliə marağının və tələbatının reallaşmasında mühüm rol oynayır. Kitabları müəyyən kateqoriyaya görə bölsək, aşağıdakı formada sıralaya bilərik:
1. Bədii kitablar. Bədii kitablar insan həyatını, cəmiyyətdə baş verən hadisələri, insanların hiss və düşüncələrini, həmçinin qarşılıqlı münasibətlərini obrazlı və emosional şəkildə əks etdirən əsərlərdir. Bu qrupa roman, povest, hekayə, poema, dram, detektiv və fantastik əsərlər daxildir.
2. Psixoloji kitablar. Bu kitablar insanın davranış və düşüncələrini, emosiya və hisslərini, şəxsiyyət keyfiyyətini ifadə edir.
3. Şəxsi inkişaf və motivasiya kitabları. Bu kitablar isə insanın fərdi keyfiyyətlərini, müsbət vərdişlərini, hədəf və məqsədlərini daha yaxşı formada inkişaf etdirmək xarakteri daşıyır.
4. Elmi və akademik kitablar. Bu kitablar elmi bilikləri, nəzəriyyələri, tədqiqat nəticələrini təqdim edir.
5. Tarixi kitablar. Bu kateqoriyaya aid olan kitablar isə adətən, tarix hadisələri, dövlət və cəmiyyətlərin inkişafını araşdırır.
6. Fəlsəfi kitablar . Fəlsəfi kitablar həyatın mənasını, insanın mövcudluğunu, əxlaqı, idrak və düşüncə problemlərini araşdırır.
7. Elmi-kütləvi kitablar. Bu qrupa aid olan kitablar isə elmə aid mürəkkəb məlumatları geniş oxucu kütləsinə anlaşıqlı dildə izah edir.
8. Bioqrafik və avtobioqrafik kitablar. Bu kitablar insanların həyatını, təcrübələrini, nailiyyətlərini və qarşılaşdıqları çətinlikləri təsvir edir.
9. Dini və mənəvi kitablar. Dini inancları, mənəvi dəyərləri, əxlaqı və həyat prinsiplərini əhatə edir.
10. Uşaq və yeniyetmə kitabları. Yaşa uyğun bilik, təxəyyül, dil bacarıqları və sosial-emosional inkişafı dəstəkləyir.
11. Poeziya kitabları. Hissləri, düşüncələri və həyat təcrübələrini poetik ifadə vasitəsilə çatdırır.
12. Praktik vəsaitlər və bələdçilər. Müəyyən işi yerinə yetirmək və ya bacarıq qazanmaq üçün konkret tövsiyə xarakteri daşıyır.
Kitab oxumağın faydalarını aşağıdakı kimi sadalamaq olar:
1. Yaddaşı gücləndirir: Belə ki, biz kitab oxuyarkən oradakı hadisələri, insanları, onların hisslərini, məqsədlərini, həmçinin müxtəlif hekayələri yadımızda saxlayırıq. Hər dəfə kitab oxuduqda isə yadımızda saxlayacağımız məlumatlar daha da artır və bu da yaddaşımızın güclənməsinə şərait yaradır.
2. Diqqət və konsentrasiyanı artırır: Müasir dövrdə eyni anda müxtəlif texnoloji alətlərin istifadəsi bir mövzuya tam diqqət etməyimizə maneə törədir. Bundan fərqli olaraq biz kitab oxuduqda yalnız kitabdakı hekayəyə diqqət yetiririk ki, bu da diqqətsizlik problemi çəkən insanlar üçün faydalı olur. Hər gün işdən 15-20 dəqiqə əvvəl (yolboyu) kitab oxusanız iş zamanı diqqətiniz necə artdığına təəccüblənəcəksiniz.
3. Danışıq qabiliyyətini inkişaf etdirir: Hazırki dövrdə insanların özünü ifadə etməkdə çətinlik çəkdiyi hamımıza məlumdur və bu da öz növbəsində insanlarda öz güvənsizlik yaradır. Kitab oxuyarkən isə müxtəlif mövzulara aid çox sayda söz öyrənir yaxud bildiyimiz sözləri təkrar edirik. Beləliklə müxtəlif sözlərdən istifadə etməyimiz bizim fikirlərimizi, emosiyalarımızı ifadə etməkdə bizə yardımçı olur.
4. Yazı qabiliyyətini artırır: Bu kitabların bizim söz ehtiyyatımızı artırması ilə birbaşa əlaqədardır. Belə ki, daha çox sözdən istifadə edərkən yazıçılıq qabiliyyətimiz də inkişaf edir və çox sayda kitab oxumaq bu sahədə köklü dəyişikliklərə şərait yaradır. Buna misal kimi musiqiçiləri yaxud rəssamları göstərə bilərik: yeni fəaliyyətə başlamış musiqiçi yaxud rəssam digər şəxslərin fəaliyyətinə daha çox nəzər yetirdikdə özləri də onların təcrübəsindən istifadə edərək inkişaf edir.
5. Bilik əldə edilməsi: İnsan müxtəlif mövzulara aid kitablar oxuyarkən fərqli sahələrlə də tanış olur və bu da kitab oxuyarkən bizim faydalı məlumatlar öyrənməyimizə, dünyagörüşümüzün artmasına kömək edir.
6. İnsanlara sakitlik və huzur verir: Mənəvi, psixoloji, dini kitabların oxunması insana daxili rahatlıq verir, bu da öz növbəsində qan təzyiqinin tənzimlənməsinə şərait yaradır. Həmçinin motivasiya və şəxsi inkişafla bağlı kitablar insanların psixoloji problemlərinin öhdəsindən gəlməsinə kömək edir.
7. Stressi azaldır: Bildiyimiz kimi hər birimiz gündəlik həyatımızda müxtəlif problemlərlə üzləşirik, lakin özümüzü möhtəşəm bir hekayənin içində tapdıqda müəyyən qədər rahatlayırıq.
Maraqlı yazılmış bir roman bizi real həyatdan daha uzaqlara aparır.Bu isə bizim problemlərimizi unutmağımıza və stressimizi azaltmağımıza kömək edir.
8. Kitab oxumaq boş vaxtı dəyərləndirməyin ən yaxşı yoludur: Belə ki, insanlar onlara maraqlı olan hər mövzuda kitablar əldə edərək oxuya bilərlər. Buraya klassik ədəbiyyatdan tutmuş psixoloji romanlar, şəxsi inkişaf kitabları da daxildir. Bu vaxt ərzində insanlar həm boş vaxtlarını dəyərləndirir, həm də gərəkli bilgilər əldə edirlər.
Mütaliə insanın zehnini biliklə, qəlbini duyğularla, düşüncəsini isə yeni mənalarla zənginləşdirir. Hər kitab yeni bir dünyaya açılan qapıdır, hər oxunan səhifə isə insanın özünü daha dərindən tanımasına doğru atılan bir addımdır.
ADPU Quba filialının Psixoloji Dəstək Xidmətinin rəhbəri, psixologiya müəllimi
Fatiməxanım Qasımova
11:13 13.10.2026
Oxunuş sayı: 57