Avstriyanın liberal partiyası koalisiya danışıqlarını tərk edib: qeyri-müəyyən vəziyyət yaranıb
Avstriyanın növbəti hökumətini qurmaq üçün danışıqlar aparan üç partiyadan ən kiçiyi gözlənilmədən danışıqları tərk edib. Liberal Neos partiyasının sürpriz addımı koalisiya danışıqlarının gələcəyi ilə bağlı ciddi şübhələr yaradıb. Bu addım Avroskeptik, Rusiyaya dost sayılan, ifrat sağçı Azadlıq partiyasının (FPÖ) mövqelərini gücləndirib. FPÖ, sentyabr ayında keçirilən son parlament seçkilərində 29% səslə qalib gəlmişdi və bu danışıqlara qarşı çıxırdı.
FPÖ-nun hökuməti idarə etmək üçün koalisiya ortağına ehtiyacı var. Partiya bu proseslərdən kənarda qalmasına baxmayaraq rəy sorğuları göstərir ki, onun dəstəyi daha da artıb. Danışıqlarda qalan iki tərəf - mühafizəkar kansler Karl Nehammerin Xalq Partiyası (ÖVP) və Sosial Demokratlar (SPÖ) - isə həll yolu tapa bilmədiyi üçün onlara təzyiqlər artıb.
"Biz Neos olaraq, mümkün üç partiyalı koalisiya ilə bağlı danışıqları davam etdirməyəcəyik" deyə onların lideri Beate Meinl-Reisinger mətbuat konfransında digər partiyaları cəsarətli qərarlar qəbul etməməkdə ittiham edib. Neos, pensiya yaşının artırılması kimi qeyri-populyar ideyalar da daxil olmaqla vergi endirimlərini və struktur islahatlarını da rədd edir. Heç vaxt hökumətdə olmadıqları üçün onlar özlərini ənənəvi iqtidar partiyaları olan SPÖ və ÖVP-dən fərqli şəkildə, modern partiya kimi təqdim edirlər.
03:16 04.01.2025
Oxunuş sayı: 3878