Rusiya-NATO toqquşması real ehtimala çevrilib - AÇIQLAMA
Son dövrlərdə dünya siyasətindəki gərginliklər, xüsusilə də Rusiya ilə Ukrayna arasındakı müharibə və NATO-nun bölgəyə müdaxiləsi məsələsi, beynəlxalq arenada ciddi narahatlıq doğurur. Baş verən proseslər isə NATO-nun Ukraynaya daha da yaxınlaşacağına dair güclü işarələr verir. Eyni zamanda, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Rusiya-Ukrayna danışıqları ilə bağlı son açıqlamaları, münaqişənin hələ də sülh yolu ilə həll olunmadığını göstərir. Bu vəziyyət, NATO ilə Rusiya arasında qarşıdurma riskinin artdığını göstərir və bəşəriyyət üçün ağır nəticələrə yol aça bilər.
Mövzu ilə bağlı politoloq Sultan Zahidov Crossmedi.az-a açıqlamasında NATO-nun gələcək planlarından söhbət açıb:
"Son baş verən hadisələr: Makronun Polşada görüşləri və Ukraynaya 40 minlik hərbi kontingent göndərmək istəməsi, eyni zamanda Britaniyanın müdafiə nazirinin Ukraynaya gəldikdən sonra ukraynalılara hərbi təlimlər verilməsi ilə bağlı verdiyi açıqlamalar onu göstərir ki, NATO ciddi şəkildə Ukraynaya kontingent yerləşdirməyi düşünür. Biz Trampın mətbuata son açıqlamasına da diqqət etsək görərik ki, o da danışıqların çətin getdiyini vurğulayır. Bu o deməkdir ki, Tramp hələ ki Rusiya-Ukrayna arasında sülh prosesinə ciddi töhfə verə bilməyib. Belə olan halda Rusiya-NATO toqquşması artıq real ehtimala çevrilməkdədir".
Sultan Zahidov mümkün ola biləcək iki ssenaridən danışıb:
"Trampın vasitəçiliyi ilə Rusiya-Ukrayna arasında müvəqqəti atəşkəs imzalanacaq. Bununla bağlı Zelenskinin şərti odur ki, Qərb qarantiya verməlidir. Bu o deməkdir ki, Zelenski Rusiya atəşkəsi pozmasın deyə NATO-nun sülhməramlı kontingentinin oraya yerləşdirilməsini istəyir. Digər versiya isə odur ki, əgər danışıqlar uğursuz olsa və yaxud da ümumiyyətlə Trampın sülh istəkləri yerinə yetirilməsə, o zaman Tramp da mövqeyini 180⁰ dəyişərək Ukraynaya dəstəyi daha da artıracaq. Belə olan halda da Rusiya-NATO toqquşması daha real ehtimala çevrilir. Bu bütün bəşəriyyət üçün böyük mənfi nəticələrə gətirib çıxara bilər".
Ekspert baş verənləri NATO-nun son vaxtlardakı fəallığı ilə əlaqələndirib:
"Mark Rutte ilə Zelenskinin görüşü ona dəlalət edir ki, vəziyyət daha da ciddiləşir. Bir məqamı da vurğulamaq lazımdır ki, Ukrayna özü bildirib ki, sülhə hazırdır. Burada sülh üçün qarşılıqlı kompromislər lazımdır. Rusiya tərəfinin hansısa ərazidən çıxacağı və ciddi kompromis etməyəcəyini nəzərə alsaq sülh sazişi imzalanması ehtimalı da dalana dirənmiş olur.
İndiki halda ən real ehtimal müvəqqəti atəşkəsin imzalanmasıdır. Bunun üçün də Trampın nümayəndələri müəyyən rol oynamağa çalışırlar. ABŞ-nin xarici siyasətində əsas rol oynayan şəxslər dövlət katibi və milli təhlükəsizlik müşaviridir. Onların hər ikisi də qatı antirusiya mövqeyi ilə seçilən şəxslərdir".
Politoloq sonda ABŞ-nin Tramp dönəmində də sərt Rusiya ritorikası olacağını güman etdiyini söyləyib.
Banuçiçək Kalbalıyeva
14:09 29.12.2024
Oxunuş sayı: 5458