CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: sənaye sektorunda geriləmə

17:29 19.10.2026

Almaniya sənayesində böhran: 500 minə yaxın iş yeri itirilib

53

Almaniyanın sənaye sektorunda 2018-ci ilin sonundan 2025-ci ilin sonunadək təxminən yarım milyon iş yeri ixtisar olunub. Ən böyük azalma avtomobil sənayesi, metal məmulatları istehsalı və maşınqayırma sahələrində qeydə alınıb. Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın ifo İqtisadi Tədqiqatlar İnstitutunun Drezden bölməsinin araşdırmasında bildirilib. Araşdırmaya əsasən, qeyd olunan dövrdə Almaniyanın sənaye sektorunda sosial sığorta ödənişlərinə cəlb olunan işçilərin sayı 496 min nəfər və ya 7,1 faiz azalıb. Bunun əksinə olaraq, xidmət sektorunda 2,2 milyondan çox yeni iş yeri yaradılıb. Məşğulluğun artımı əsasən səhiyyə, sosial xidmətlər və dövlət idarəçiliyi sahələrində müşahidə olunub. Ən ciddi ixtisarlar avtomobil sənayesində və bu sahəyə xidmət göstərən müəssisələrdə qeydə alınıb. Sözügedən sektorda 123,5 min iş yeri və ya mövcud iş yerlərinin 13 faizi ixtisar edilib. Metal məmulatları istehsalında 115,6 min, maşınqayırma sənayesində isə 64,5 min iş yeri azalıb. Bu üç sahə birlikdə sənayedəki ümumi iş yeri itkilərinin təxminən 60 faizini təşkil edib. ifo İnstitutunun Drezden bölməsinin direktor müavini Yoaxim Raqnits bildirib ki, Almaniya iqtisadiyyatında struktur dəyişiklikləri getdikcə sürətlənir. Onun sözlərinə görə, uzun illər ölkənin iqtisadi rifahının əsasını təşkil edən ənənəvi sənaye sahələri əvvəlki mövqelərini itirirlər. Ekspert xəbərdarlıq edib ki, məşğulluğun artımı əsasən Almaniyanın yüksək məhsuldarlıq və innovasiya üstünlüklərinə malik olmadığı sahələrdə baş verir. Bu isə gələcəkdə ölkənin iqtisadi artım potensialına mənfi təsir göstərə bilər. Araşdırmada qeyd olunur ki, səhiyyə sektorunda 391 min, sosial xidmətlərdə, o cümlədən qocalar evləri və qayğı müəssisələrində 357 min yeni iş yeri yaradılıb. Bu artım əsasən əhalinin yaşlanması ilə əlaqədar sosial və tibbi xidmətlərə tələbatın yüksəlməsi ilə izah edilir. Dövlət idarəçiliyində isə sosial sığorta ödənişlərinə cəlb olunan işçilərin sayı 329 min nəfər artıb. Buna qismən dövlət qulluqçularının işdən ayrılmasından sonra onların yerinə əmək müqaviləsi əsasında çalışan işçilərin qəbul edilməsi səbəb olub. Özəl xidmət sektorunda ən yüksək məşğulluq artımı informasiya texnologiyaları şirkətlərində qeydə alınıb. Bununla yanaşı, peşə təhsili olan işçilərin sayı 252 min nəfər azaldığı halda, ali təhsilli işçilərin sayı 1,8 milyon nəfər artıb. Ekspertlər bu tendensiyanın əmək bazarında ixtisas və regional uyğunsuzluqları gücləndirə biləcəyini bildirirlər. Məlumata görə, Hamburq istisna olmaqla, Almaniyanın bütün federal torpaqlarında sənaye məşğulluğu azalıb. Şərqi Almaniyada azalma 8,4 faiz, qərb bölgələrində isə 6,8 faiz təşkil edib. Qeyd edək ki, araşdırma Almaniyanın Federal Məşğulluq Agentliyinin statistik məlumatları əsasında hazırlanıb. Hesablamalara fərdi sahibkarlar, dövlət qulluqçuları və ölkədə “mini-job” adlandırılan məhdud məşğulluq formasında çalışan şəxslər daxil edilməyib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR