CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Parisdə iğtişaşlar

16:35 19.10.2026

Parisdə iğtişaşlar: Mindən çox insan saxlanılıb

58

Fransanın paytaxtı Parisdə həftəsonu baş verən kütləvi iğtişaşlar zamanı mindən çox insan saxlanılıb. Saxlanılan şəxslərlə bağlı ilk sürətləndirilmiş məhkəmə proseslərinin bazar ertəsi keçirilməsi nəzərdə tutulub. Crossmedia.az Fransanın “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, bu barədə Paris Prokurorluğu məlumat yayıb. Prokurorluğun bazar ertəsi səhər açıqladığı yenilənmiş statistikaya əsasən, şənbə günü keçirilən nümayişlərlə əlaqədar 855 nəfər saxlanılıb, onlardan 557-si polis nəzarətində saxlanılaraq dindirilib. Bildirilib ki, polis nəzarətinə götürülən şəxslərin təxminən 78 faizi yetkinlik yaşına çatmış şəxslərdir. Saxlanılan 124 azyaşlıdan isə yalnız 20-si Paris sakinidir. Prokurorluğun məlumatına görə, 244 nəfər əmlak əleyhinə hüquq pozuntularında, 108 nəfər qanunsuz qruplaşmalarda iştirakda, 45 nəfər isə dövlət vəzifəli şəxslərinə qarşı zorakılıqda şübhəli bilinir. Digər şəxslərlə bağlı araşdırmalar isə insanlara qarşı törədildiyi iddia olunan hüquq pozuntularını və müxtəlif qanunsuz əməlləri əhatə edir. Şanzelize, Şatle, Sen-Lazar və Respublika meydanı ətrafında yerləşən mağazalarda oğurluq və talan hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində 278 nəfərin polis nəzarətində saxlanılma müddəti uzadılıb. Prokurorluq ilk şübhəli şəxslərin artıq müvafiq prosessual tədbirlərin həyata keçirilməsi üçün prokurorların qarşısına çıxarıldığını bildirib. Bazar ertəsi sürətləndirilmiş məhkəmə proseslərinin keçirilməsi, həmçinin ittihamları qəbul edən şəxslərlə bağlı təqsirin etirafına əsaslanan prosedurların tətbiqi planlaşdırılır. Bazar günü baş verən iğtişaşlarla bağlı ilkin məlumatlara əsasən isə bazar ertəsi saat 08:00-a qədər daha 208 nəfər saxlanılıb. Onlardan 49-u azyaşlıdır. Ümumilikdə 145 nəfər polis nəzarətinə götürülüb. Qeyd edək ki, Fransada şənbə günü yaşayış xərclərinin artmasına qarşı ölkə miqyasında kütləvi etiraz aksiyaları keçirilib. Nümayişlərdən sonra Parisdə qarşıdurmalar, mağazaların talanması və digər zorakılıq hadisələri qeydə alınıb. Bazar günü axşam saatlarında və gecə ərzində paytaxtın müxtəlif ərazilərində yenidən iğtişaşlar baş verib. Hadisələrlə əlaqədar Fransanın digər şəhərlərində də təhlükəsizlik tədbirləri gücləndirilib. Marsel şəhərində bazar ertəsi saat 12:00-dan 20:00-dək kütləvi toplaşmalara və nümayişlərə qadağa qoyulub. Ölkənin şimalındakı Denen şəhərində isə oktyabrın 25-dək gecə saatlarında komendant saatı tətbiq edilib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR