CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Maksim Prevo

15:46 19.10.2026

Türkiyə və Belçika nazirləri Brüsseldə bir araya gələcəklər

117

Oktyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Türkiyə və Belçika arasında nazirlər səviyyəsində dördüncü görüş keçiriləcək. Crossmedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə Türkiyəni xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Mustafa Çiftçi və ədliyyə naziri Akın Gürlek təmsil edəcəklər. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin məlumatına görə, nazirlər oktyabrın 19-21-də Belçikada səfərdə olacaqlar. Belçika tərəfini isə Baş nazirin müavini və xarici işlər naziri Maksim Prevo, daxili işlər naziri Bernard Kventin, ədliyyə naziri Annelis Verlinden, həmçinin sığınacaq və miqrasiya məsələləri üzrə nazir Annelin Van Bossuyt təmsil edəcəklər. Sonuncu dəfə 2016-cı ildə Ankarada keçirilmiş nazirlər görüşünün dördüncü raundunda ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunacaq. Danışıqların əsas mövzuları terrorizmlə mübarizə, məhkəmə və polis orqanları arasında əməkdaşlıq, müdafiə sənayesi, konsulluq məsələləri, viza siyasəti və miqrasiya olacaq. Tərəflər, həmçinin regional və beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Səfər çərçivəsində Hakan Fidanın Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və NATO-nun Baş katibi Mark Rütte ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. Türkiyənin xarici işlər nazirinin Avropa Siyasət Mərkəzində çıxış etməsi və işgüzar dairələrin nümayəndələri ilə görüşməsi də nəzərdə tutulur. Qeyd edək ki, son illərdə Türkiyə və Belçika arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə şərait yaradıb. Bu ilin mayın 10-14-də Belçika Kraliçası Matilda iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş səfərlə Türkiyədə olub. Onu Baş nazirin müavini və xarici işlər naziri, müdafiə və xarici ticarət naziri, eləcə də regional hökumət rəhbərlərinin daxil olduğu nümayəndə heyəti müşayiət edib. 2025-ci ildə Türkiyə ilə Belçika arasında ticarət dövriyyəsi 9,2 milyard ABŞ dollarına çatıb. Tərəflər bu göstəricini 15 milyard dollara yüksəltməyi hədəfləyirlər. Hazırda Belçikada yaşayan təxminən 300 min Türkiyə vətəndaşı da iki ölkə arasında sosial, iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR