CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Alikante

14:28 19.10.2026

İspaniyada güclü yağışlar daşqınlara səbəb olub: Ölənlər var

51

İspaniyanın Valensiya və Alikante bölgələrində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində iki nəfər həyatını itirib, çox sayda insan evlərində və avtomobillərində köməksiz vəziyyətdə qalıb. Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəsmiləri Valensiyanın cənubunda və Alikantenin şimalında yaşayan sakinlərə evlərini tərk etməmək barədə xəbərdarlıq ediblər. Məlumata görə, daşqınlara “Adam” adlandırılan atmosfer sistemi səbəb olub. Aralıq dənizi sahillərində müşahidə olunan intensiv yağıntılar nəticəsində bəzi ərazilərdə bazar günündən etibarən hər kvadratmetrə 700 litrdən çox yağış düşüb. Forna bələdiyyəsində isə 24 saatdan bir qədər artıq müddətdə bu göstərici 718 litr təşkil edib. Oliva şəhərində xilasedicilər su altında qalan evlərdə köməksiz vəziyyətdə qalan insanları qayıqlarla təxliyə ediblər. Alikantenin şimalında isə damlarda və avtomobillərdə köməksiz qalan sakinlərin xilas edilməsi üçün helikopterlər cəlb olunub. Təbii fəlakət nəticəsində iki qadın həyatını itirib. Onlardan biri bazar günü axşam saatlarında Valensiyanın Saqunt şəhərində dənizə daxil olduqdan sonra ölüb. Digər qadının meyiti isə bazar günü Barselona yaxınlığında dənizdə aşkarlanıb. Qadın şənbə günü Kabrera-de-Mar ərazisində daşan çayın sularına qapılaraq itkin düşmüşdü. Onun meyiti hadisə yerindən təxminən 6 kilometr aralıda tapılıb. Valensiyanın fövqəladə hallar üzrə regional naziri Xuan Karlos Valderrama bildirib ki, sahilyanı ərazilərdə müşahidə olunan güclü fırtına vəziyyəti daha da ağırlaşdırır. Onun sözlərinə görə, hündürlüyü 4 metrə çatan dalğalar daşan çayların sularının Aralıq dənizinə axmasına mane olur. Hökumət nümayəndəsi Pilar Bernabenin məlumatına əsasən, Qandiya və Oliva arasındakı sahilboyu ərazilərdə ən azı altı yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi daşqınlar səbəbindən kəsilib. Alikantenin Peqo şəhərinin meri Enrike Moll vəziyyətin son dərəcə ağır olduğunu bildirib. “İnsanlar evlərin damlarında köməksiz qalıblar. Dəhşətli mənzərələrin şahidi oluruq”, – deyə mer İspaniyanın RNE dövlət radiosuna açıqlamasında qeyd edib. O vurğulayıb ki, xüsusilə yaşayış evlərinin bir-birindən uzaqda yerləşdiyi ərazilərdə vəziyyət kritikdir. Həmin yerlərdə hərbi fövqəladə hallar bölmələri və yanğınsöndürənlər bəzi sakinlərə çatmaqda çətinlik çəkirlər. Daşqınlar səbəbindən təhsil müəssisələrinin fəaliyyəti də dayandırılıb. Ümumilikdə 100 mindən çox şagird və tələbə dərslərin dayandırılmasından təsirlənib. Onlardan təxminən 81 mini Valensiya, 22 mini isə Alikante əyalətinin payına düşür. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, altı əyalətdə 24 avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb. Ölkənin dəmir yolu operatoru “Renfe” Valensiyada iki şəhərətrafı qatar xəttinin fəaliyyətini dayandırıb. Sərnişinlərə biletlərini ödənişsiz dəyişdirmək və ya ləğv etmək imkanı yaradılıb. İspaniyanın Baş naziri Pedro Sançes vətəndaşları zərurət olmadıqda səfərə çıxmamağa və daşqın təhlükəsi olan ərazilərdə binaların yuxarı mərtəbələrində qalmağa çağırıb. İspaniyanın Dövlət Meteorologiya Agentliyi (AEMET) bazar ertəsi yerli vaxtla saat 10:00-da Valensiyanın cənubu və Alikantenin şimalı üçün qüvvədə olan ən yüksək səviyyəli qırmızı yağış xəbərdarlığını ləğv edib. Bununla belə, Aralıq dənizi sahillərinin geniş ərazilərində narıncı və sarı xəbərdarlıqlar qüvvədə saxlanılıb. Rəsmilər çaylarda suyun səviyyəsinin yüksək olması və yağışların davam etməsi səbəbindən daşqın təhlükəsinin hələ də aradan qalxmadığını bildiriblər.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR