"Azərbaycançılıq: tarixdən müasirliyə" adlı layihə uğurla yekunlaşdı
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Dialoq və İnkişaf Naminə" İctimai Birliyi (DİNİB) Salyan rayon Heydər Əliyev Mərkəzində "Azərbaycançılıq: tarixdən müasirliyə"adlı layihə çərçivəsində sonuncu tədbirini keçirib.
Tədbirdə əvvəlcə, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov çıxış edərək bildirib ki, azərbaycançılıq ideologiyası xalqımızın milli-mənəvi dəyərlərini, tarixini və dövlətçilik ənənələrini özündə birləşdirən mühüm ideoloji xəttdir. O qeyd edib ki, bu cür maarifləndirici layihələr gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsxinə, milli kimliyin qorunmasına və Azərbaycançılıq məfkurəsinin gələcək nəsillərə aşılanmasına mühüm töhfə verir, azərbaycançılıq ideologiyasının cəmiyyətimizdə milli həmrəyliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə barədə ətraflı məlumat verən layihə rəhbəri Çingiz Bayramov bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən azərbaycançılıq məfkurəsi dünyanın müxtəlif ölkələrində yaşayan hər bir soydaşımız üçün milli birliyin və həmrəyliyin əsas ideoloji dayağıdır. O qeyd edib ki, bu dəyərlərin təbliği Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və milli-mənəvi irsimizin gələcək nəsillərə çatdırılmasına xidmət edir, azərbaycançılıq ideologiyasının milli kimliyimizin qorunması, dövlətə sədaqət hissinin gücləndirilməsi və dünya azərbaycanlılarının birliyinin təmin edilməsində mühüm rol oynayır.
Tədbirdə həmçinin "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin İdarə Heyətinin üzvü Anar Əsədov, Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Könül Qəfərova, Rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, Gənclər və İdman Sektorunun məsləhətçisi Fariz Sadıqlı, Azərbaycan Yazıçılar Birliyinin Muğan Regional bölməsi üzrə sədri Nəbi İbrahimli, şair-publisist Əzizağa Məmmədli və digərləri çıxış edərək azərbaycançılıq məfkurəsinin tarixi kökləri, milli-mənəvi dəyərlərimizin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli birliyin möhkəmləndirilməsinin vacibliyindən bəhs ediblər. Tədbir iştirakçılarla fikir mübadiləsi və mövzu ətrafında müzakirələrlə başa çatıb.
19:18 20.07.2026
Oxunuş sayı: 102