Bakı prinsipial mövqe qoydu: İsrail geri addım atdı
Son həftələrdə İsrail hökümətində qondarma erməni soyqırımının tanınması ilə bağlı müzakirələrin gündəmə gəlməsi regionda ciddi gərginlik yaratdı. Bu təşəbbüs, tarixi reallıqlardan uzaq, siyasi motivli və erməni lobbisinin illərdir apardığı kampaniyanın nəticəsi idi. Onsuz da mürəkkəb olan Türkiyə-İsrail münasibətlərini daha da gərginləşdirən bu addım, Yaxın Şərqdə geosiyasi tarazlığı pozmaq təhlükəsi daşıyırdı. Lakin Azərbaycanın prinsipial, vaxtında və qətiyyətli mövqeyi prosesin gedişatını dəyişdi. Bakı bu məsələdə sadəcə müşahidəçi deyil, aktiv aktor kimi çıxış etdi. Azərbaycan bu mövzuda xüsusi həssaslıq göstərdi, çünki ölkəmiz həm Türkiyə, həm də İsraillə strateji əhəmiyyətli, çoxşaxəli münasibətlərə malikdir. Bakı hər iki ölkə ilə hərbi-texniki əməkdaşlıq, enerji, iqtisadiyyat, təhlükəsizlik və texnologiya sahələrində dərin əlaqələr qurub. Bu kontekstdə Azərbaycan tərəfsiz vasitəçi mövqeyindən çıxış edərək, tarixi həqiqətlərin təhrifinə və ikili standartlara qarşı prinsipial mövqe nümayiş etdirdi. Bu mövqe Azərbaycanın regionda etibarlı və strateji tərəfdaş imicini bir daha möhkəmləndirdi.
Azərbaycan-Türkiyə münasibətlərinin tarixi bu məsələdə xüsusi əhəmiyyət kəsb edir. “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan bu münasibətlər Qars Müqaviləsindən başlayaraq, 1991-ci ildə Türkiyənin Azərbaycanı tanıyan ilk ölkə olmasından, 44 günlük Vətən müharibəsində hərbi-siyasi dəstəyə qədər davam edən strateji ittifaqdır. “Şuşa bəyannaməsi” də iki dövlət arasındakı diplomatik münasibətlərin kağız üzərindəki ən bariz nümunəsidir. Bu münasibətlər sadəcə dostluq deyil, regional təhlükəsizlik və iqtisadi inkişafın təminatçısıdır. Qondarma “erməni soyqırımı” iddialarının Türkiyəyə qarşı yönəldilməsi Azərbaycan üçün də birbaşa strateji təhdiddir, çünki bu, erməni revanşizminin beynəlxalq səviyyədə güclənməsinə xidmət edir. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanat bu prosesdə həlledici rol oynadı. Bəyanatda qondarma iddialar tarixi reallıqdan uzaq, siyasi məqsədli kampaniya kimi qiymətləndirildi, regionda yeni gərginlik mənbəyi olacağı vurğulandı. Eyni zamanda Xocalı soyqırımı kimi real faciələrin tanınması tələbi və ikili standartlara qarşı prinsipial mövqe açıq şəkildə ifadə olundu. Bu bəyanat diplomatik dairələrdə geniş rezonans doğurdu və İsrail tərəfinə aydın siqnal göndərdi. Nəticədə İsrail rəhbərliyi qondarma soyqırımı tanımaqdan imtina etd Bu qərar Azərbaycan-Türkiyə-İsrail üçtərəfli əlaqələrinin gücünü nümayiş etdirdi. Beynəlxalq media hadisəni “Azərbaycan diplomatiyasının qələbəsi” adlandırdı, Türkiyə mediası isə Bakıya açıq təşəkkürünü bildirdi.
Bu uğur Azərbaycan üçün sırf diplomatik məsələ deyil, ciddi siyasi əhəmiyyət daşıyır. Qondarma iddiaların tanınması erməni təbliğatının güclənməsinə, Qarabağ məsələsində revanşist mövqelərin canlanmasına və regionda anti-Azərbaycan koalisiyasının formalaşmasına yol aça bilərdi. Bakı bu təhlükəni vaxtında neytrallaşdıraraq, öz strateji maraqlarını və müttəfiqlərinin maraqlarını qorudu. Azərbaycanın xarici siyasəti son illərdə çoxvektorlu, balanslaşdırılmış və proaktiv xarakter daşıyır. Qarabağ Zəfərindən sonra ölkəmiz qlobal aktor kimi çıxış edir. COP29, Zəngəzur dəhlizi (TRIPP), Şuşa Qlobal Media Forumu, WUF-13 tədbiri, Avroviziya, İslam Həmrəyliyi oyunları və beynəlxalq təşkilatlardakı artan rolu Bakının artan çəkisini göstərir. Bu hadisə Azərbaycan diplomatiyasının çevikliyini və “qazanc-qazanc” prinsipinə sadiqliyini təsdiqləyir. Bakı həm Türkiyə ilə qardaşlıq münasibətlərini, həm də İsraillə strateji əməkdaşlığı qoruyaraq, erməni lobbisinin təxribatına effektiv cavab verdi. Nəticə etibarilə, İsrail məsələsindəki uğur Azərbaycanın beynəlxalq arenada yetkin və güclü aktor olduğunu bir daha sübut etdi. Bu cür prinsipial mövqe ölkəmizin Cənubi Qafqazda və daha geniş regionda sabitliyin və ədalətin təminatçısı statusunu möhkəmləndirir. Gələcəkdə də Azərbaycan diplomatiyası proaktiv siyasətini davam etdirəcək. Tarixi həqiqətləri qorumaq, strateji müttəfiqlərlə həmrəyliyi saxlamaq və ölkəmizin maraqlarını qətiyyətlə müdafiə etmək – bu, Bakının xarici siyasətinin əsas xəttidir.
16:00 13.07.2026
Oxunuş sayı: 61