Bəzi Avropa dövlətləri Rusiya ilə münasibətlərdə maraqlıdır
NATO-nun Avropada nüvə arsenalını genişləndirmək planları və ABŞ-nin strateji qüvvələrinin yeni coğrafiyalara köçürülməsi ehtimalı müasir qlobal siyasətin ən kritik və həssas mövzularından biridir. Bu addım təkcə hərbi balansın dəyişməsi deyil, həm də qitənin təhlükəsizlik arxitekturasının yenidən qurulması deməkdir. Tərəflər arasında gərginliyin pik həddə çatdığı bir dönəmdə, Şərqi Avropa ölkələrinin bu geosiyasi oyunda hansı mövqeyi seçəcəyi özlərini qorumaq xatirinə nüvə çətiri altına sığınacağı, yoxsa potensial hədəfə çevrilməmək üçün bundan imtina edəcəyi sualı beynəlxalq münasibətlərin gələcək taleyini həll edən əsas amildir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Croosmedia.az-a bildirib ki, Avropanın həm də NATO üzvü olan dövlətlərində nüvə silahları var.

Onun sözlərinə görə, Böyük Britniya və Fransa nüvə dövlətidir: “Digər tərəfdən qeyri-rəsmi məlumatlara görə, ABŞ-yə məxsus taktiki nüvə bombaları həm də qeyri-nüvə dövlətləri olan Almaniya, İtaliya, Belçika və Niderlandda var. Yəni bu o deməkdir ki, Qərbi Avropa dövlətlərində nüvə silahları mövcuddur. O zaman genişlənmə dedikdə, böyük ehtimalla Şərqi Avropa dövlətləri nəzərdə tutulur ki, burada hədəf Rusiyaya təzyiqlərin artırılmasıdır. Amma Şərqi Avropa dövlətlərinin buna razı olub-olmayacağı mübahisəlidir. Çünki bir sıra Şərqi Avropa dövlətlərinin Rusiya ilə yaxşı münasibətləri var və bunun inkişafında maraqlıdırlar. Digər tərəfdən bu ölkələrdə də nüvə silahlarının olması onların avtomatik hədəfə çevrilməsi deməkdir. Ona görə də düşünmürəm ki, bu ölkələrin əksəriyyəti buna razı olsun”.
Turqut Ansari
14:24 03.06.2026
Oxunuş sayı: 43