Tekstil sahəsinin inkişafına dair sektorial görüş keçirilib
Aprelin 23-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı və “Esen Tekstil” MMC-nin təşəbbüsü və sponsorluğu ilə tekstil sektoruna həsr olunmuş sektorial görüş keçirilib.
Tədbirin əsas məqsədi tekstil sahəsində fəaliyyət göstərən qurumlarla dövlət–özəl tərəfdaşlığını gücləndirmək, eləcə də sahədə mövcud aktual məsələləri müzakirə etmək olub.
Görüşdə tekstil sahəsində fəaliyyət göstərən 100-ə yaxın sahibkar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev assosiasiyanın fəaliyyəti və sektorial görüşlərin əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, bu cür platformalar müxtəlif sahələr üzrə sahibkar və mütəxəssislərin bir araya gəlməsinə şərait yaradır. Onun sözlərinə görə, tekstil sektoru ölkənin qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynayır və bu sahədə dövlət qurumları ilə biznes subyektləri arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tural Mustafayev qeyd edib ki, bu tip təşəbbüslər yerli istehsalın genişlənməsinə, ixrac imkanlarının artırılmasına və yeni layihələrin formalaşmasına töhfə verir.
Tədbirdə çıxış edən Azərbaycan Tekstil Assosiasiyasının icraçı direktoru Fəridə Axundova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Osman Xaliyev, Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin rəisi Nicat İmanov, Gömrük Siyasəti Baş İdarəsinin Tarif tənzimlənməsi şöbəsinin rəisi Musa Abbaszadə, İCMA İdarə Heyəti sədrinin müavini və “Moon Group” şirkətinin təsisçisi Ruslan Quliyev, “Azera” Holdinqin rəhbəri Akif Əliyev və “Esen Tekstil” MMC-nin təsisçisi Rəşid Xəlilov tekstil sektorunda aparılan islahatlar və yeniliklər barədə fikirlərini bölüşüblər.
Çıxışlarda sənayenin inkişaf istiqamətləri, yerli istehsalın gücləndirilməsi, ixrac potensialının artırılması, müasir texnologiyaların tətbiqi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı məsələləri xüsusi vurğulanıb.
Tədbirin sonunda “Tekstil sektorunun axşam ziyafəti”nin təşkilinə verdiyi dəstəyə görə Rəşid Xəlilov təltif olunub.
Görüş çərçivəsində tekstil sahəsində tətbiq olunan yeniliklər, istehsal proseslərinin optimallaşdırılması, yerli brendlərin inkişafı və dövlət–biznes əməkdaşlığının perspektivləri ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçılar arasında fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə yekunlaşıb.
17:25 24.04.2026
Oxunuş sayı: 55