Türkiyə vasitəçi güc kimi regionda nə dərəcədə təsirlidir?
Bölgədə davam edən müxtəlif münaqişə və böhranlar regional sabitliyə ciddi təsir göstərməkdədir. Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışı zamanı Şimalda Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən proseslər və Sudandakı qarşıdurmaların ümumi təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirdiyini qeyd edib.
Nazir vurğulayıb ki, bu şəraitdə Türkiyə dialoq və vasitəçilik imkanlarına malik əsas aktorlardan biri kimi çıxış edir. Onun sözlərinə görə, rəsmi Ankara regionda sabitliyin təmin olunmasını prioritet hesab edir və müharibə, terror, eləcə də işğal risklərinin aradan qaldırılması istiqamətində səylərini davam etdirir.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Türkiyə regionda tərəfləri dialoqa çağıran əsas ölkələrdən biridir. İlk növbədə qeyd etmək lazımdır ki, Türkiyə regionun aparıcı dövlətlərindən biri kimi regional münaqişələrin həllində geniş və çoxşaxəli fəaliyyət göstərir. Məsələn, Rusiya-Ukrayna müharibəsi kontekstində Türkiyə mühüm vasitəçi mövqeyi ilə çıxış edib.
Xüsusilə, İstanbulda keçirilən görüşlər və bu çərçivədə əldə olunan nəticələr – əsir mübadiləsi, eləcə də taxıl dəhlizinin açılması ilə bağlı razılaşmalar – Türkiyənin bu proseslərdəki təsir gücünün bariz göstəricisidir. Bu təşəbbüslər qlobal ərzaq təhlükəsizliyi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda, regionda baş verən digər gərginliklər zamanı da Türkiyə fəal diplomatik xətt yürüdür. Xarici işlər naziri Hakan Fidan bir sıra mühüm görüşlər keçirib, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan isə müxtəlif təşəbbüslərlə çıxış edərək gərginliyin azaldılmasına çalışıb. Bu fəaliyyətlər Türkiyənin regional sabitliyə verdiyi töhfəni açıq şəkildə nümayiş etdirir.
Bununla yanaşı, Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu da beynəlxalq səviyyədə mühüm platformaya çevrilib. Forum qlobal və regional problemlərin müzakirəsi, dialoq mühitinin genişləndirilməsi və dövlətlər arasında əməkdaşlığın təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Digər mühüm məqam isə Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi nüfuzudur. Onun müxtəlif münaqişə tərəfləri ilə münasibətlərində etimad mühiti formalaşıb. Həm Rusiya, həm Ukrayna rəhbərliyi, eləcə də regionun digər ölkələri Ərdoğanın mövqeyinə diqqətlə yanaşır və onun təşəbbüslərinə önəm verir.
Bu baxımdan, Türkiyənin regionda oynadığı rol olduqca əhəmiyyətlidir. Ölkə həm siyasi-diplomatik, həm də strateji baxımdan sabitliyin və təhlükəsizliyin təmin olunmasında aparıcı aktorlardan biri kimi çıxış edir və gələcəkdə də bu rolunu davam etdirəcəyi gözlənilir".
Elmir Heydərli
15:28 21.04.2026
Oxunuş sayı: 503