Müvəqqəti yoxsa birdəfəlik atəşkəs ?
Amerika və İran arasında müvəqqəti atəşkəs elan olunub. Bu atəşkəs əvvəlkilər kimi Donald Trampın növbəti aldatması da ola bilər. Bu versiya ən azı yarıbayarı həqiqətdir. Çünki istər 12 günlük müharibə, istərsə də bu müharibə başlamazdan öncə Amerika və İran arasında danışıqlar gedirdi. Yəni məhz danışıqlar gedə-gedə bombalamaq təcrübəsini amerikanlar artıq sınaqdan keçirib.
Ona görə də bu gün imzalanan atəşkəsin davamlılığı şübhə doğurmaya bilməz. Amma dünya mediasında gedən yazıları, analitiklərin rəylərini əsas götürsək deyə bilərik ki, Çinin gərgin diplomatiyası və təzyiqi, Pakistanın vasitəçiliyi bu məsələdə bəhrəsini verməyə başlayıb.
İlkin məlumatlara görə Amerika İranın müəyyən şərtlərini qəbul edib, İran da Hörmüz boğazını açacağını vəd edib. Bu arada Hörmüz boğazının dünya iqtisadiyyatı üçün kritik mühümlüyü də ortaya çıxdı.
Şübhəsiz ki, atəşkəsdən qeyri məmnun qalan İsrail tərəfidir. Artıq İsrail KİV-ri Trampı müharibəni davam etdirməməkdə ittiham edirlər. Bir yəhudi hərbi şərhçi isə atəşkəsi belə şərh edib: "Biz bu prosesə “kömək yoldadır” şüarı ilə başladıq, sonra “rejimi devirmək” hədəfinə doğru irəlilədik, oradan hərbi sənayeyə uzunmüddətli zərbə vurmaqla “ballistik raketləri və nüvə təhlükəsini aradan qaldırmaq” mərhələsinə keçdik, İndi isə hədəfimiz “boğazı açmaq” olub. Nailiyyətləri və uğursuzluqları sonra araşdıracağıq, lakin başlanğıc nöqtəsi ilə son nöqtə arasındakı uçurum sadəcə heyrətamizdir."
Hətta məşhur britaniyalı jurnalist Oven Cons isə bunu ABŞ-ın supergüc kimi ortaya çıxmasından bəri ən böyük strateji məğlubiyyəti adlandırıb.
Belə nəticə hasil olur ki, müharibə başlayanda Rusiya proseslərdən mütləq faydalanan tərəf kimi görünürdü. Amma atəşkəs davamlı olarsa əsl qalıb Çindir. İsrail isə istədiklərinə çatmadı, əksinə davamlı raket zərbələrinə məruz qaldı, dünya ictimaiyyətinin görünməmiş təzyiqi ilə qarşılaşdı, daxildə Netanyahu hökumətinə etirazlar gücləndi.
Doğrudur, İran da ağır bombardmanla üzləşdi amma davamiyyətini qorudu, daxili narazılıqları anti-Amerika ritorikası ətrafında uzlaşdıra bildi. Hazırki nəticə ona sərf edir.
ABŞ-a gəldikdə isə bu müharibəni və bağlanan müvəqqəti atəşkəsi belə xarakterizə edərdik: Amerika imperiyasının süqutunun başlanması !
Anar TURAN
12:53 08.04.2026
Oxunuş sayı: 566