"İranı Daş dövrünə qaytaracağıq" – Trampın Amerika xalqına müraciətində diqqəti çəkən məqamlar
ABŞ Prezidenti Donald Tramp bir neçə saat bundan əvvəl İrana qarşı müharibə ilə bağlı Amerika xalqına təcili müraciət etdi. Media orqanlarının və siyasətçilərin gözləntilərinin əksinə olaraq, o, müharibənin bitdiyini elan etmədi. Əksinə, daha 2-3 həftə döyüşlərin davam edəcəyini xəbər verdi, Tehranı enerji infrastrukturunun tamamilə məhv ediləcəyi ilə hədələdi və ilk dəfə olaraq rəsmi şəkildə Amerikanın müttəfiqlərinin Hörmüz boğazının açılması üçün məsuliyyəti öz üzərlərinə götürməli olduğunu bildirdi.
Müharibə daha 2-3 həftə davam edəcək.
Müraciət təxminən 20 dəqiqə çəkdi və KİV-də yayımlandı. Müraciətə qədər “Politico” kimi nəşrlər Trampın neft qiymətlərinin artması və ictimai rəy sorğularının pisləşməsi fonunda bir aylıq hərbi kampaniyanın başa çatdığını elan edəcəyini ehtimal edirdilər. Prezident çıxışından bir neçə saat əvvəl amerikalıların müharibədən yorulduğuna və onun bitməsini tələb etdiyinə işarə etmişdi.
Lakin reallıq fərqli oldu. Tramp müharibənin "sona yaxınlaşdığını" bildirdi, lakin eyni zamanda daha 2-3 həftə aktiv döyüşlərin davam edəcəyini proqnozlaşdırdı. O, vətəndaşlar arasında artan narahatlığı də etiraf etdi:
"Şübhə edənlər mənim qələbəmə inanmırlar və amerikalılar arasında belələri getdikcə çoxalır."
Münaqişənin uzanmasını əsaslandırmaq üçün Tramp tarixi paralellərə diqqət yrtirdi :
"- Amerikanın Birinci Dünya müharibəsində iştirakı 1 il 7 ay 5 gün,
-İkinci Dünya müharibəsində – 3 il 8 ay 25 gün,
-Koreya müharibəsində – 3 il 1 ay 2 gün,
-Vyetnam müharibəsində – 19 il 5 ay 29 gün,
-İraq müharibəsində isə 8 il 8 ay 28 gün çəkdi.
Bizim dünyanın ən güclü ölkələrindən birinə qarşı əməliyyatımız isə cəmi 32 gündür. Bu, sizin uşaqlarınızın və nəvələrinizin gələcəyinə edilən investisiyadır."
Ballistik raketlər və nüvə silahı
Tramp müharibənin səbəblərini bir daha izah etməyə çalışdı. Onun sözlərinə görə, İran gizli şəkildə ABŞ ərazisinə, Avropaya və "dünyanın istənilən nöqtəsinə" çata bilən ballistik raketlər hazırlayırdı.
"Onların elə silah nümunələri var idi ki, heç kim onların mövcudluğuna inanmırdı. Biz bunu yeni öyrəndik. Və onların hamısını məhv etdik."
Prezident həmçinin İranın 47 illik "zorakılığını" xatırladaraq, Beyrutdakı dəniz piyadaları kazarmasının bombardmanını (1983) və USS Cole esminesinə hücumu (2000) qeyd etdi. Bu rejimin nüvə silahına sahib olmasını "dözülməz təhdid" adlandırdı və sələflərinin "onun prezident olduğu vaxta qədər İran rejimi ilə məşğul olmalı olduqlarını" əlavə etdi.
"İran praktiki olaraq məhv edilib" – lakin müttəfiqlər kömək etməlidir
Müraciətin əsas açıqlamalarından biri odur ki, Tramp ilk dəfə rəsmi şəkildə müttəfiqlərdən kömək istədi və ABŞ-ın Hörmüz boğazına nəzarət probleminin öhdəsindən təkbaşına gələ bilmədiyini etiraf etdi.
O, boğaz probleminin artıq müttəfiqlərin problemi olduğunu bildirdi:
"Boğaza gedin və sadəcə onu ələ keçirin, qoruyun, özünüz üçün istifadə edin. Heç vaxt hiss etmədiyiniz cəsarəti toplayın və bu vacib su yoluna nəzarəti bərpa etmək əməliyyatına rəhbərlik edin. Ən çətin hissə arxada qaldı, bundan sonra asan olacaq."
Eyni zamanda Tramp vurğuladı ki, əgər razılaşma əldə olunmasa, ABŞ İrandakı bütün elektrik stansiyalarını bombalamağa hazırdır:
"Hər bir elektrik stansiyasına çox güclü zərbə vuracağıq və çox güman ki, bunu eyni vaxtda edəcəyik. İranı Daş dövrünə, onun layiq olduğu yerə qaytaracağıq."
İran nefti məsələsi
Tramp təsdiqlədi ki, ABŞ hələlik İran neft obyektlərinə zərbə vurmayıb və onları "ən asan hədəf" adlandırıb. O, bunu neft infrastrukturunun məhv edilməsinin İrana "sağ qalmaq və ya bərpa olunmaq üçün heç bir şans qoymayacağı" ilə izah etdi. Bununla belə, prezident müharibə bitdikdən sonra Hörmüz boğazının "təbii şəkildə açılacağına" əmin olduğunu bildirdi, çünki İran özü neft satmaq istəyəcək.
Qeyd edək ki, Tramp bir müddət əvvəl İran neftindən sanksiyaları götürmüşdü və müharibə dövründə İran Hörmüz boğazı bağlı olsa belə, ixrac həcmini artıra bilmişdi. Bu fakta Trampın müraciətində toxunulmadı.
Trampın çıxışında bir neçə vacib boşluğu qeyd etmək yerinə düşərdi:
Müharibənin bitməsi üçün dəqiq planın olmaması. Prezident əsas suala cavab vermədi: döyüşlər nə vaxt dəqiq bitəcək? O, sadəcə olaraq "Daş dövrünə qədər bombalamaq" vədinin növbəti 2-3 həftə ərzində yerinə yetiriləcəyini təkrarladı. Halbuki əvvəllər 4-6 həftəlik bir müddət tanımış və əməliyyatın cədvəldən qabaq yerinə yetirildiyini iddia etmişdi.
1. Quru əməliyyatı ilə bağlı qeyri-müəyyənlik. Tramp zənginləşdirilmiş uranı ələ keçirmək və ya İranın boğaz üzərində nəzarətini zəiflətmək üçün quru qoşunları göndərməyi planlaşdırıb-planlaşdırmadığını dəqiqləşdirmədi. Baxmayaraq ki, Yaxın Şərqə əlavə 3500 dəniz piyadası gəlib çatıb.
2. Danışıqlar ilə bağlı optimizmin olmaması. Tramp vasitəçilərlə diplomatik təmasların davam etdiyini bildirdi, lakin heç bir yeni irəliləyiş əlaməti göstərmədi. Bunun əvəzinə eskalasiya təhdidini təkrarladı. Xatırladaq ki, ABŞ-ın üçüncü, 10 bgnlük ultimatumu aprelin 6-da başa çatır.
3. Müttəfiqlərə təşəkkür. Prezident İsrail, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt və Bəhreynə təşəkkür etdi və "onlara zərər vurulmasına icazə verməyəcəyinə" söz verdi. Lakin bu müdafiənin mexanizmi açıqlanmadı.
Trampın müraciəti amerikalılara gözlədiklərinə cavab vermədi. Prezident bunun əvəzinə:
- müharibənin ən azı 2-3 həftə uzanacağını təsdiqlədi;
- Hörmüz boğazına görə məsuliyyəti müttəfiqlərin üzərinə qoydu;
- İrana bütün elektrik stansiyalarını dağıtmaqla hədələdi;
- Tarixi oxşarlıqlar vasitəsilə münaqişənin uzun müddət davam etməsini əsaslandırmağa çalışdı.
Bu arada ABŞ-da benzin qiymətləri 2022-ci ildən bəri ilk dəfə 1 qallon üçün 4 dollar həddinə çatdı, CNN sorğusuna görə isə amerikalıların 67%-i hesab edir ki, prezidentin İrandakı vəziyyətin həlli ilə bağlı dəqiq planı yoxdur. Növbəti 2-3 həftə Trampın öz vədinə əməl edə biləcəyini – yoxsa müharibənin onun əvvəllər qarşı çıxdığı yeni bir "sonsuz müharibə"yə çevrilmək riski alacağını göstərəcək.

Professor, politoloq Əlimusa İbrahimov
15:42 02.04.2026
Oxunuş sayı: 120