İdman Gimnastikası üzrə FIG Dünya Kuboku başa çatdı
5–8 mart tarixlərində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Artistic Gymnastics World Cup baş tutub. Turnirdə 30-dan çox ölkədən gimnastlar iştirak ediblər.
Yarışda Azərbaycanı kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil ediblər.
Yarışın ilk iki günü təsnifat mərhələsinə, son iki günü isə final çıxışlarına həsr olunub. Təsnifat mərhələsinin nəticələrinə əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə finala vəsiqə qazanıblar.
Final mərhələsində isə Azərbaycan gimnastları mükafatçılar sırasına düşə bilməyiblər. Nikita Simonov yarışları 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurub.
Dörd gün davam edən yarış ərzində tamaşaçılar idman mübarizəsi ilə yanaşı müxtəlif interaktiv əyləncə proqramlarında da iştirak ediblər. Yarışın maskotları Tilli və Cilli də azarkeşlərlə birlikdə gimnastları dəstəkləyib.
Beləliklə, dörd gün davam edən idman bayramı uğurla yekunlaşıb.
17:56 08.03.2026
Oxunuş sayı: 64