Avtomobil qəzalarının sayı azalıb, amma...
Azərbaycanda yol hərəkəti təhlükəsizliyi sahəsində müsbət dəyişikliklər müşahidə olunur. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata əsasən, ötən il ölkə üzrə yol-nəqliyyat hadisələrinin sayı əvvəlki illə müqayisədə 12,3 faiz azalaraq 1 252 fakt təşkil edib. Bu azalma təkcə rəqəmlərlə deyil, həm də cəmiyyət üçün real həyatların xilas olunması baxımından mühüm göstərici hesab olunur.
Statistikaya görə, qəzalar nəticəsində zərər çəkənlərin sayı da 12,1 faiz azalaraq 1 715 nəfərə düşüb. Bununla belə, hələ də yüzlərlə insanın həyatını itirməsi yol təhlükəsizliyi məsələsinin aktual olaraq qalmasını göstərir. Hadisələrin böyük hissəsinin yaşayış məntəqələrində və həftəsonları baş verməsi isə sürücülərin məsuliyyəti, yol infrastrukturu və nəzarət mexanizmlərinin gücləndirilməsinin zəruriliyini bir daha gündəmə gətirir.

Mövzu barədə Crossmdia.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, bu gün Azərbaycan avtomobil yollarında nəqliyyat təhlükəsizliyinin təmin olunması bir-biri ilə sıx bağlı olan bir neçə mühüm amildən asılıdır: "Nəqliyyat vasitələrinin hesabatlılığı, sürücülərin peşəkarlıq səviyyəsi, hərəkət zamanı üstünlük hüquqlarının aydın şəkildə müəyyən olunması, nəqliyyat vasitələri arasında kommunikasiyanın qurulması, yol xətlərinin düzgün təşkili, idarəetmə sistemlərinin formalaşdırılması və ümumilikdə müasir nəqliyyat şəbəkəsinin yaradılması vahid sistem kimi işləməlidir. Bu mexanizmlər bir-birindən ayrı deyil və hər biri birbaşa şəkildə yol təhlükəsizliyinin təmininə xidmət edir. Bu sistemin əsas başlanğıc nöqtəsi isə maarifləndirmədir. Sürücülər qaydaların mahiyyətini dərk etdikdə və onların məqsədinin cəza deyil, təhlükəsizlik olduğunu anladıqda, həmin qaydalara artıq məcburiyyətdən yox, şüurlu şəkildə əməl edirlər. Bu davranış dəyişiklikləri nəticəsində həm yol-nəqliyyat hadisələrinin sayı azalır, həm də ümumi hərəkət mədəniyyəti formalaşır. Müşahidələr göstərir ki, bir çox sürücülər xüsusilə gecə saatlarında hərəkət etməyə maraq göstərmir və bu, qaranlıq vaxtlarda risk səviyyəsinin artması ilə birbaşa əlaqəlidir. Digər tərəfdən, nəqliyyat təhlükəsizliyi yalnız sürücülərin davranışı ilə məhdudlaşmır, eyni zamanda düzgün planlaşdırma və texniki uyğunluq da tələb edir. Nəqliyyat vasitələrinin sıxlığının yol infrastrukturu ilə uzlaşdırılması, hərəkət intervallarının düzgün tənzimlənməsi və yolun ötürmə qabiliyyətinə uyğun nəqliyyat axınının qurulması təmin edilmədikdə, sistemdə pozuntular yaranır və bu da ciddi problemlərə səbəb olur. Beləliklə, bütün bu amillər kompleks şəkildə idarə edilmədikdə nəqliyyat təhlükəsizliyində boşluqlar meydana çıxır və bu boşluqlar həm insan həyatına, həm də cəmiyyətin ümumi rifahına mənfi təsir göstərir. Ona görə də bu sahədə yüksək bilik, məsuliyyətli yanaşma və davamlı maarifləndirmə əsas şərt kimi qəbul olunmalıdır".

Ekspert Adil Nəbiyev isə ötən il baş verən yol qəzaların göstəricilərindəki 12,3 %-lik azalma statistik baxımdan müsbət dinamika yaratmağın rəğmən bunu yol təhlükəsizliyinin sistemli şəkildə yaxşılaşması kimi qiymətləndirməyin hələ tez olduğunu qeyd edib: "Rəqəmlər göstərir ki, yol-nəqliyyat hadisələrinin sayı azalıb, lakin bu azalma problemin köklü şəkildə həll olunduğunu deyil, riskli mənzərənin müəyyən qədər yumşaldığını ifadə edir. Çünki qəzalarda həlak olanların sayı hələ də yüksəkdir və ümumi qəza sayına nisbətdə ölüm göstəricisi ciddi olaraq qalır. Bu isə onu göstərir ki, qəzaların ağırlıq dərəcəsi hələ də dəyişməyib. Digər mühüm məqam ondan ibarətdir ki, yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti yaşayış məntəqələrində baş verir. Şəhər mühitində sürətlərin aşağı, nəzarətin isə daha güclü olmalı olduğu nəzərə alınsa, bu fakt infrastruktur, yol dizaynı və sürücülük davranışı ilə bağlı problemlərin davam etdiyini göstərir. Hadisələrin gündüz və gecə vaxtlarının payının bir-birinə yaxın olması da riskin təkcə görünmə və vaxt amili ilə deyil, əsasən insan faktoruyla bağlı olduğunu göstərir. Həftəsonu günlərinə düşən qəzaların payı isə davranış risklərinin, sürət həddinin aşılması və diqqətsizliyin hələ də aktual problem olduğunu təsdiqləyir. Mövcud azalma daha çox inzibati nəzarət tədbirlərinin və cərimə mexanizmlərinin qısa müddətli təsiri kimi qiymətləndirilə bilər. Sistemli yol təhlükəsizliyi isə yalnız qəza sayının azalması ilə deyil, ağır nəticələrin, xüsusən də ölüm hallarının kəskin şəkildə minimuma endirilməsi, təhlükəsiz yol infrastrukturu, effektiv sürücü təlimi və davranış dəyişikliyi ilə mümkün olur. Buna görə də 12,3 %-lik azalma müsbət siqnal olsa da, bu hələ yol təhlükəsizliyində əsaslı dönüş nöqtəsi deyil".
Elmir Heydərli
14:00 19.02.2026
Oxunuş sayı: 926