Mehriban Əliyevadan Münxendə şah və mat effekti
Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti olaraq, ölkənin siyasi həyatında çox mühüm rol oynayır. O, Heydər Əliyev Fondunun prezidenti kimi uzun illər ərzində mədəniyyət, təhsil, səhiyyə, idman və humanitar sahələrdə böyük layihələr həyata keçirib. Bu fəaliyyətlər sayəsində Azərbaycanın beynəlxalq imicinin formalaşmasında, xüsusilə Avropa və dünya miqyasında ölkənin yumşaq gücünün gücləndirilməsində əvəzsiz töhfələr verib.
Mehriban xanım Heydər Əliyev Fondunun rəhbərliyi ilə minlərlə məktəb, xəstəxana, mədəniyyət mərkəzləri tikdirib və ya bərpa etdirib, uşaq evlərinə, qaçqın və məcburi köçkünlərə dəstək proqramları həyata keçirib. Qeyd etmək lazımdır ki, bu fəaliyyətlər Azərbaycan sərhədləri ilə məhdudlaşmayaraq bütün dünyada aparılır. O, həmçinin Azərbaycanın UNESCO və digər beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında, mədəni irsin qorunmasında (məsələn, muğamın, aşıq sənətinin, xalçaçılığın UNESCO siyahısına daxil edilməsi) önəmli işlər görüb. Siyasi sahədə isə Birinci vitse-prezident kimi dövlət başçısının yanında fəal iştirak edir, beynəlxalq tədbirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil edir, ölkənin maraqlarını qətiyyətlə müdafiə edir. Mehriban xanım Azərbaycan humanitar siyasətinin öndə gedən fiquru ilə yanaşı ölkəmizin qayğısız körpələrin, köməyə ehtiyacı olan vətəndaşların anasıdır, bacısıdır.
Son dövrlərdə Mehriban Əliyevanın ən diqqətçəkən çıxışlarından biri də Münhen Təhlükəsizlik Konfransında (Munich Security Conference) olub. 2026-cı ilin fevralında keçirilən bu prestijli konfransda Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə iştirak edib. Konfrans çərçivəsində “Open Corridor Policy? Deepening Trans-Caspian Cooperation” adlı panel müzakirəsində də yer alıb, Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi mövzusunda Azərbaycanın mövqeyini ifadə edib. Bu, qlobal təhlükəsizlik, enerji, nəqliyyat dəhlizləri kimi aktual məsələlərdə Azərbaycanın rolunu vurğulayan mühüm platforma olub.
Konfrans zamanı diqqət çəkən hadisə isə ölkəmizə qarşı sistemli qarayaxma kompaniyası aparan "jurnalist" Emin Hüseynovun Mehriban Əliyevaya ünvanladığı təxribat xarakterli sualla bağlı olub. Emin Hüseynov (2014-cü ildə külli miqdarda mənimsəmə ittihamı ilə axtarışda olan və qadın paltarı geyinərək İsveçrə səfirliyində gizlənərək ölkədən qaçan şəxs) Mehriban xanıma yaxınlaşaraq Azərbaycanda demokratiyanın vəziyyəti haqqında sual vermək istəyib. Həmin primitiv sual "jurnalist"in özünün bacarıqsızlığını, savadsızlığını göstərir. Azərbaycan demokratiya insitutunu formalaşdıran, daim inkişaf etdirən dövlətdir və bu bütün dünyaya məlumdur. Azərbaycan artıq bütün dünyada sözünü deyən, hüquqlarını müdafiə edən etibarlı tərəfdaşdır. Və bu mövqedə də Münhen konfransında layiqincə iştirak edib. Bu situasiyada azərbaycanlı "jurnalist"in əsassız və təxribat xarakterli sualı yalnız özünü biabır etməklə nəticələndi.
Mehriban Əliyeva bu provokasiyaya sərrast və təmkinli cavab verib: "Qadın paltarı geyinərək səfirlikdə gizlənən insan sizsiniz? Sizə cansağlığı arzu edirəm!"
Bu cavab anında "jurnalisti" susdurub və Mehriban xanım yoluna davam edib. Bu hadisə Azərbaycan mediasında geniş yayılıb və Mehriban Əliyevanın təxribata qarşı qətiyyətli, lakin zərif tərzdə cavab verməsi ilə gündəm olub. Bir çox mənbədə bu, "şillə kimi cavab" kimi dəyərləndirilib, çünki o, sadəcə sualı dəf etməyib, həm də keçmiş hadisəni xatırladaraq təxribatçının öz hərəkətlərini əks etdirmiş olub.
Mehriban Əliyeva bu cür situasiyalarda da Azərbaycanı layiqincə təmsil edir. Onun intellekti, savadı, diplomatik təcrübəsi və təmkinli davranış tərzi beynəlxalq arenada ölkəmizin nüfuzunu daha da yüksəldir. O, həm daxili siyasətdə, həm də qlobal platformalarda Azərbaycanın maraqlarını qoruyur, eyni zamanda qadın lider kimi nümunəvi obraz yaradır. Belə anlarda onun cavabları nəinki təxribatı ifşa edir, həm də Azərbaycanın mövqeyinin möhkəmliyini göstərir. Mehriban xanım həqiqətən də dövlətçiliyə sədaqət və yüksək intellektin simvoludur.
Ayhan
16:05 16.02.2026
Oxunuş sayı: 793