“Körpələrdən pendir dadı gəlir" - Epşteyn yazışmalarındakı dəhşətli mesajlar
Son illərin ən qalmaqallı cinayət işlərindən biri hesab edilən Ceffri Epşteyn işi beynəlxalq mediada hələ də geniş müzakirə olunan aktual mövzu olaraq qalır.
ABŞ-də insan alveri və azyaşlıların istismarı ittihamları ilə bağlı aparılan istintaqlar, məhkəmə sənədləri və şahid ifadələri göstərir ki, bu hadisə yalnız bir şəxsin fəaliyyəti ilə məhdudlaşmayan, çoxşaxəli və mürəkkəb əlaqələr sisteminə malik ola biləcək cinayət mexanizmini ortaya çıxarıb.
İş üzrə üzə çıxan yeni faktlar, müxtəlif ölkələri və nüfuz dairələrini əhatə edən geniş şəbəkə ehtimalını gündəmə gətirir.
Son günlərdə isə ictimaiyyətə təqdim olunan yeni materiallar bu işə marağı daha da artırıb.

Xüsusilə, Epşteynə aid olduğu bildirilən e-mail hesabının açıq şəkildə yayılması diqqət çəkən məqamlardan biri olub. Həmin hesabda yerləşdirildiyi iddia olunan foto və sənədlərin geniş auditoriyaya əlçatan olması bu qalmaqalın yeni mərhələyə keçdiyini göstərir.

İctimaiyyət tərəfindən bu materialların aktiv şəkildə araşdırılması və müzakirə olunması Epşteyn işi ilə bağlı sualların yenidən aktuallaşmasına səbəb olub.
Yayılan materiallar Epşteynin fəaliyyətinin yalnız müəyyən regionlarla məhdudlaşmadığını, əksinə daha geniş coğrafiyanı və çoxsaylı əlaqələr şəbəkəsini əhatə edə biləcəyini göstərir. Aparılan araşdırma nəticəsində əldə olunan məlumatlar onun maliyyə imkanlarının, nüfuz dairəsinin və beynəlxalq səviyyədə qurduğu əlaqələrin bu fəaliyyətlərdə mühüm rol oynaya biləcəyini ortaya qoyur.
Məhkəmə sənədlərində Epşteynin şəxsi təyyarəsi ilə bağlı məlumatlar xüsusi diqqət çəkir. İstintaq materiallarına əsasən, o, müxtəlif ölkələrə mütəmadi səfərlər həyata keçirib və bu səfərlərin əksəriyyəti onun şəxsi təyyarəsi vasitəsilə təşkil olunub.
Sənədlərdə qeyd olunur ki, bu səfərlərə bəzən gənc qızlar da daxil edilirdi. Həmin şəxslərin müxtəlif ölkələrdən gətirildiyi, onların sosial vəziyyəti, yaşları və dil baryerinin müdafiə imkanlarını məhdudlaşdırdığı göstərilir.
Qeyd olunur ki, qurbanların bir çoxunun ingilis dilini bilməməsi baş verən hadisələri beynəlxalq hüquq-mühafizə orqanlarına çatdırma prosesini çətinləşdirə bilərdi. Bu səfərlərin qurbanların həm fiziki, həm də psixoloji təcridinə səbəb ola biləcəyi ehtimal edilir.
Sənəddə qeyd olunan materialı təqdim edirik:
"… Avropa, Karib hövzəsi və Asiya daxil olmaqla müxtəlif yerlərə. O, səyahət edərkən onu müşayiət etmək üçün ona müraciət edirdi. Hər dəfə bu istiqamətlərdən birinə gedəndə, onun yanında bir neçə gənc qız olurdu. Bu qızlar tez-tez səfərlər zamanı onunla birlikdə olur, adətən öz geyimlərini, notbuklarını, mobil telefonlarını və digər əşyalarını gətirirdilər. Onlar adətən Tayland, Çexiya, İngiltərə, Asiya və digər ölkələrə gedirdilər, onların çoxu ingiliscə danışa bilmirdi. Şikayətçinin bildiyinə görə, yalnız bir ailə üzvü açıq şəkildə …-ın səyahət etdiyini bilirdi. Bundan əlavə, cavabdeh tərəfindən davamlı istismara məruz qalmaqla yanaşı, şikayətçi cavabdehin yetkin kişi dostları tərəfindən də cinsi istismara məruz qalmağa məcbur edilirdi. Cavabdeh şikayətçini öz şəxsi təyyarəsi ilə müxtəlif istiqamətlərə aparırdı. Cavabdeh şikayətçiyə gündəlik müəyyən məbləğ pul verirdi, eyni zamanda onun dostları da şikayətçini cinsi istismar edirdilər.
Bu hadisələrin çoxu cavabdeh şikayətçinin təxminən 15, 16 və 17 yaşlarında olduğunu bildiyi vaxt baş vermişdir. Cavabdeh şikayətçinin 18 yaşı tamam olmamışdan əvvəl onu istismar etməyə başlamışdır və o, 18 yaşına çatana qədər bunu davam etdirmişdir. Cavabdehin azyaşlı qızlara meyilli olduğu onun dostları arasında yaxşı bilinirdi. Cavabdehin ad günlərinin birində dostu Fransadan 12 yaşlı qızları gətirmişdi… Daha sonra onlar Fransaya geri göndərilmişdilər".
ABŞ Ədliyyə Nazirliyi tərəfindən aparılan istintaq materialları Epşteyn işi üzrə əsas hüquqi sənədlər hesab olunur. Federal böyük münsiflər heyətinin araşdırması bu işin yüksək səviyyədə araşdırıldığını göstərir.
Sənədlərdə Epşteynin fəaliyyətinin uzun illər ərzində araşdırıldığı və bu müddət ərzində çoxsaylı şahid ifadələrinin toplandığı qeyd olunur. Həmin ifadələrdə azyaşlıların sistemli şəkildə istismara məruz qalması ilə bağlı ciddi ittihamlar yer alır. Bu tip cinayət işlərində sənədlərin müəyyən müddət məxfi saxlanılması istintaqın təhlükəsizliyinin qorunması və şahidlərin müdafiəsi baxımından da mühüm hesab olunur.
Epşteyn işi ilə bağlı müzakirə olunan əsas mövzulardan biri də onun elektron yazışmalarıdır. İnternet platformalarında yayılan bəzi materiallarda Epşteynə aid olduğu iddia edilən mesaj və qeydlərin mövcudluğu göstərilir. Bu yazışmalarda ehtimal nəzəriyyəsi, insan davranışı, sosial psixologiya və qərarvermə mexanizmləri kimi mövzuların müzakirə olunduğu bildirilir. Bu materiallar Epşteynin intellektual mühitdə aktiv iştirak etdiyini göstərsə də, həmin yazışmaların orijinallığı və tam konteksti hələ də müzakirə mövzusu olaraq qalır.
Bəzi yayılan materiallarda müxtəlif məşhur şəxslərin adlarının çəkildiyi də iddia olunur.
Bu məlumatlar geniş müzakirələrə səbəb olsa da, həmin adların hansı kontekstdə hallandığı və faktiki əlaqələrin mövcudluğu ilə bağlı məlumatlar tam aydınlaşdırılmayıb.
Epşteynin malikanələri və şəxsi mülkləri də bu işin diqqət mərkəzində olan məsələlərdən biridir.
Araşdırma materiallarında onun mülklərinin yüksək təhlükəsizlik sistemləri ilə təchiz olunduğu, müşahidə kameraları və nəzarət mexanizmlərinin geniş şəkildə istifadə edildiyi qeyd olunur.
Sızdırıldığı iddia edilən foto materiallarda onun müxtəlif biznes və siyasi dairələrin nümayəndələri ilə görüşlər keçirdiyi göstərilir. Bu görüşlərin məzmunu tam açıqlanmasa da, bu əlaqələr işin miqyası və təsir dairəsi ilə bağlı yeni suallar yaradır.
Türkiyə ilə bağlı iddialar
Epşteyn fəaliyyəti ilə bağlı ən mübahisəli mövzulardan biri onun müxtəlif ölkələrlə əlaqələri barədə səsləndirilən iddialardır. Sosial mediada yayılan bəzi versiyalarda onun Türkiyə ilə bağlı fəaliyyət göstərdiyi irəli sürülür.
Xüsusilə, 1999-cu ildə baş verən dağıdıcı zəlzələdən sonra itkin düşən uşaqlarla bağlı müxtəlif fərziyyələr irəli sürülüb. Qeyd edilir ki, bu kimi böyük fəlakətlərdən sonra insan alveri riskinin artması beynəlxalq səviyyədə müşahidə olunan hallardan biridir.
Bununla yanaşı, konkret hadisələrin təsdiqlənməsi geniş hüquqi araşdırma və rəsmi sübutlar tələb edir.

Epşteyn işi ətrafında müxtəlif məşhur şəxslərin adlarının hallandırılması da geniş müzakirələrə səbəb olub. Sosial mediada bəzi sənətçilərin və nüfuzlu şəxslərin bu hadisələr barədə məlumatlı olduğu, lakin müxtəlif səbəblərdən açıq danışmadığı ilə bağlı iddialar yayılıb. Belə qalmaqallı cinayət işləri ətrafında tez-tez konspirasiya nəzəriyyələrinin yaranması müşahidə olunur və bu nəzəriyyələrin bir hissəsi faktlara əsaslansa da, böyük hissəsi təsdiqlənməmiş məlumatlara söykənir.
Epşteyn işi beynəlxalq hüquq sistemində və ictimai şüurda ciddi rezonans doğurub. Bu qalmaqal insan alveri, cinsi istismar və güc strukturlarının bu kimi cinayətlərin qarşısının alınmasında rolu ilə bağlı geniş müzakirələrə səbəb olub.
Bu hadisə yalnız kriminal araşdırma kimi deyil, eyni zamanda insan hüquqları və beynəlxalq təhlükəsizlik kontekstində də qiymətləndirilir.
Epşteyn işi üzrə bir çox sual hələ də cavabsız qalır. Onun əlaqələrinin real miqyası, mümkün şəbəkənin mövcudluğu və qurbanların dəqiq sayı ilə bağlı araşdırmalar davam edir. Yeni sənədlərin və materialların ortaya çıxması bu qalmaqalın gələcəkdə də gündəmdə qalacağını göstərir.
Qeyd edək ki, gmail hesabında yer alan fotolar daha çox iş adamları ilə olan görüşləri və evin, adanın hər tərəfli təsviridir.
Rast gəldiyimiz ən qandonduran mesaj isə, gmail yazışmalarında yer alan "körpələrdən pendir dadı gəlir" ifadəsi olub.
Həmçinin həmin yazışmalarda “pizza” sözünün 900-dən çox istifadə edildiyi diqqət çəkir və bəzi iddialara görə bu sözün gizli açar kimi istifadə edilərək, öz aralarında azyaşlı qız uşaqlarını ifadə etdiyi ehtimal olunur.
Fatimə Məmmədova
09:05 11.02.2026
Oxunuş sayı: 719