Astana şəhərində Türk Dövlətləri Autizm Federasiyasının növbəti beynəlxalq tədbiri keçirildi
26 yanvar 2026-cı il tarixində Qazaxıstan Respublikasının Astana şəhərində Türk Dövlətləri Autizm Federasiyasının növbəti beynəlxalq tədbiri keçirilmişdir. Tədbirdə Türk Dövlətlərinə üzv ölkələrin autizm üzrə fəaliyyət göstərən təşkilatlarının nümayəndələri və Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.
Azərbaycanı tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti Vüqar İskəndərov, Türk Dövlətləri Autizm Federasiyasının prezidenti Elnur Məmmədli, Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti Sona Əliyeva, eləcə də Assosiasiyanın üzvləri təmsil etmişlər.
Görüş zamanı autizm spektr pozuntusu olan şəxslərin sosial inteqrasiyasının gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, regional əməkdaşlığın genişləndirilməsi, idman yarışlarının təşkili, təlim proqramlarının hazırlanması və maarifləndirmə tədbirlərinin keçirilməsi istiqamətində mühüm qərarlar qəbul olunmuşdur.
Tədbirin sonunda Azərbaycan Autizm Assosiasiyası ilə Qazaxıstan Milli Autizm Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandum iki ölkə arasında autizm sahəsində təcrübə mübadiləsinin aparılması, ortaq layihələrin icrası, reabilitasiya, təlim və sosial dəstək proqramlarının inkişaf etdirilməsi üçün yeni imkanlar açır.
Qeyd olunmuşdur ki, Türk Dövlətləri Autizm Federasiyası çərçivəsində bu cür beynəlxalq platformalar regionda autizm sahəsində vahid yanaşmanın formalaşdırılmasına, elmi-praktiki əməkdaşlığın gücləndirilməsinə və ailələr üçün daha əlçatan xidmətlərin yaradılmasına mühüm töhfə verir.
Qeyd: Nümayəndə heyətinin səfər xərcləri Azərbaycan Diasporuna Dəstək fondu tərəfindən qarşılanmışdır.
13:10 27.01.2026
Oxunuş sayı: 108