Azərbaycanda maaş kartlarına faiz nə vaxt verilə bilər? – Açıqlama
Bir sıra xarici ölkələrdə banklar müştərilərin kart hesablarında saxladıqları maaş və pensiya vəsaitlərinə görə əlavə faiz və ya bonus ödənişləri təqdim edir. Bu yanaşma vətəndaşların vəsaiti hesabda saxlamağa marağını artırmaqla yanaşı, bank sektorunda rəqabətin güclənməsinə də şərait yaradır.
Azərbaycanda isə hazırda maaş və pensiya kartlarında saxlanılan məbləğlərə görə ciddi bonus və ya faiz tətbiqi müşahidə olunmur. Bunun əsas səbəblərindən biri ölkədə orta aylıq gəlirlərin nisbətən aşağı olmasıdır. Mütəxəssislərin fikrincə, maaş məbləği az olduqda vətəndaşlar vəsaiti uzun müddət kartda saxlamaq əvəzinə, gündəlik xərclər üçün nəğdləşdirməyə üstünlük verirlər. Bu isə banklar üçün həmin vəsaitin cəlbediciliyini azaldır. Digər mühüm məqam ölkədə nağdsız ödəniş infrastrukturunun hələ də tam formalaşmamasıdır. Böyük ticarət mərkəzləri və marketlərdə kartla ödəniş geniş yayılsa da, kiçik dükanlar, məhəllə mağazaları və köşklərdə bu imkanlar məhduddur. Nəticədə əhali hələ də nağd pula daha çox üstünlük verir ki, bu da kart hesablarında vəsaitin uzun müddət qalmasına mane olur. Bununla belə, bank sektorunda hesab qalığına görə çox cüzi də olsa müəyyən gəlir mexanizmlərinin mövcud olduğu bildirilir. Lakin bu məbləğlər geniş bonus sistemi yaradacaq səviyyədə deyil. Mütəxəssislər hesab edir ki, bankların bu sahədə marağının artması üçün hesabda saxlanılan məbləğlərin həcmi əhəmiyyətli dərəcədə yüksək olmalıdır.
Məsələnin başqa bir tərəfi isə dövlət üçün yaradacağı faydadır. Nağdsız ödənişlərin artması vergidən yayınma hallarının azalmasına, maliyyə dövriyyəsinin daha şəffaf olmasına imkan yaradır. Bu baxımdan gələcəkdə maaş və pensiya kartlarında vəsaitin saxlanılmasını stimullaşdıran mexanizmlərin tətbiqi istisna edilmir.Vətəndaşlar isə artıq uzun müddətdir maaş kartlarında əlavə üstünlüklərin olmasını arzulayırlar.
Bu barədə açıqlama verən Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dos. Aqil Eyvazov bir çox ölkələrdə maaş kartlarında qalan vəsaitə görə faiz və ya bonus ödənişinin bank sektorunda rəqabətin güclü olması ilə bağlı olduğunu vurğulayıb:

"Azərbaycanda isə hazırda əmək haqqı kartlarında saxlanılan vəsaitə avtomatik faiz verilməsi yaxın perspektivdə real görünmür. Bunun əsas səbəbi bankların maaş kartlarındakı vəsaiti əlavə faiz ödəmədən də resurs kimi istifadə edə bilməsidir. Belə mexanizmin tətbiqi üçün banklar arasında rəqabət xeyli artmalı, maliyyə bazarı daha aktiv olmalı və qanunvericilikdə maaş kartlarının statusu ayrıca tənzimlənməlidir. Digər tərəfdən, bankların uzunmüddətli və sabit vəsait cəlbinə ehtiyacının yaranması da bu prosesi sürətləndirə bilər".
İqtisadçının sözlərinə görə, yaxın dövrdə əmək haqqı kartlarına faizdən daha çox, keşbek, bonuslar və ya yığım hesablarına keçidi stimullaşdıran alternativ modellərin tətbiqi ehtimalı daha yüksəkdir:
"Bu həm banklar, həm də vətəndaşlar üçün daha çevik və real mexanizm hesab olunur".
Fatimə Məmmədova
10:00 26.01.2026
Oxunuş sayı: 673