BDU-da “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Eldar İbrahimov olub
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının sədri, millət vəkili Eldar İbrahimovla tələbələrin görüşü keçirilib.
Görüşdə ilk öncə müasir, müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin, Respublikamızın azadlığı və suverenliyi uğrundan canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükütla yad edilib.
Giriş nitqi ilə çıxış edən BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə ulu öndər Heydər Əliyevin adının dövlətçiliyimizin rəmzinə çevrildiyini qeyd edib. O bildirib ki, nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etidirilir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, dünya siyasətinə adını yazdıran müdrik siyasi lider Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bütün həyatını xalqına həsr edən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində hazırda ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ilə yaxın düşmən əsarətində olan Qarabağımız əbədi azadlığına qovuşub. Bu gün Azərbaycan bayrağı əzəli torpaqlarımızda, Şuşada, Xankəndidə, Xocalıda, Əsgəranda və digər ərazilərimizdə dalğalanır.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının sədri, millət vəkili Eldar İbrahimov çıxışında vurğulayıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti sayəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969–1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşüb. 1990-1993-cü illərdə Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri kimi də öz tarixi missiyasını davam etdirmiş, blokada vəziyyətindəki muxtar respublikanı ağır sosial-iqtisadi şəraitdən və tənəzzüldən qurtararaq onun dirçəlişinə nail olmuş, SSRİ-nin saxlanılması haqqında referendumda iştirakdan imtina etməklə faktiki olaraq müstəqilliyin təməllərini yaratmış, bu gün bütün ölkə ərazisində əzəmətlə dalğalanan üçrəngli dövlət bayrağını ilk dəfə ucaltmışdır. 1993-2003-cü illər Ulu Öndər Heydər Əliyevin imzası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılıb. 2003-cü ildən başlayaraq isə ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilib, dünyada öz layiqli yerini tutub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir. Ömrünü Azərbaycana fəda etmiş müdrik siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı daim dərin hörmətlə xatırlanacaq, onun əziz və unudulmaz xatirəsi xalqımız tərəfindən əbədi olaraq ehtiramla yad ediləcək.
Daha sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.
18:05 10.12.2025
Oxunuş sayı: 1668