Avropa futbolunda "Qarabağ" əzəməti
Azərbaycan klub futbolunun şəriksiz lideri Ağdamın "Qarabağ" komandası 2025-ci il noyabrın 5-də ölkə idmanı tarixinə daha bir parlaq səhifə yazdı. UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda dünyanın ən böyük komandalarından biri Londonun "Çelsi" klubu ilə ğörüşdə mükəmməl oyunla qazanılan qələbəyə bərabər heç-heçə (2:2) təmsilçimizin beynəlxalq futbolda nüfuzunu bir qədər də artırdı, həm də ölkəmizdə Zəfər Gününün 5-ci ildönümünə layiqli töhfə oldu.
Avropanın ən mötəbət klub turnirinin əsas mərhələsində uğurla çıxış edən "Qarabağ" fədakar və məzmunlu oyunu ilə bir daha təsdiq edir ki, futbol ictimaiyyətimizi, bütün xalqımızı 36 komandanın kəskin mübarizəsində növbəti mərhələyə vəsiqə ilə sevindirmək əzmindədir.
Futbolun vətəni İngiltərə təmsilçisi "Çelsi" ilə hələ uzun müddət fəxrlə, qürurla xatırlayacağımız görüşün göstərdiyi kimi, "Qarabağ" oyundan-oyuna böyüyür, diqqətəlayiq nəticələri ilə bütün futbol aləmini təəccübləndirməkdə davam edir. Onun çempionlar meydanında rəğbətlə qarşılanan çıxışı və hazırda turnir cədvəlində 15-ci yerdə olması komandanın hər yerdə maraqla izlənilən bu yarışda növbəti mərhələyə vəsiqə sevinci yaşayacağına inamımızı daha da artırır.
Ağdam klubu öz məşqçisi, beynəlxalq futbol dairələrində nüfuzu durmadan artan Qurban Qurbanovun gərgin zəhməti sayəsində gözəl günlər yaşayır.Komanda Çempionlar Liqasında çətin yolun yarısını şərəflə başa vurub.Bu səmimi və mübariz kollektivə qarşıdakı görüşlərdə də uğurlu oyunlar arzulayırıq. Növbəti oyunun noyabrın 25-də İtaliyada"Napoli" klubu ilə olacağını da xatırladaq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist
13:25 07.11.2025
Oxunuş sayı: 2073