İranda milli olanlara siyasi münasibət - TƏHLİL
İran İslam Respublikası özünün siyasi quruluşuna görə marjinallığı ilə fərqlənir. M.Pezeşkianın “qardaş” çağırışı İranın daxili mahiyyətini üzə çıxardı və İslamla maskalanmış, lakin islama aidiyyatı olmayan bir əxlaqsız siyasi düşüncəni açığa çıxartdı. Qardaş anlayışını anlamayan, “nə qardaş”, “hansı qardaş” sualı ilə ortaya düşən bir qrup İran siyasətçilərinin kimliyi ilə tanış olaq. Məlumdur ki, əxlaq və vicdan mənsub olduğun dindən irəli gəlir. Mənsub olduğun “din” qüsurlu olanda əxlaq və vicdanda da qüsurlar üzə çıxır.
İran parlamentində “Cəbheyi Payidari Enqelabi İslami” adlı (İran İnqilabının sabitliyi cəbhəsi) 2011-ci ildə ölkənin ən ağır tənəzzülü zamanı yaradıldı. Bir, ilahiyyatçı alim hesab edilən Mohemməd Taqi Misbah Yəzdi bu parlament qrupunun yaradıcısıdır və qrupun üzvləri də son dərəcə marjinal şəxslərdir ki, onların siyasi və mədəni portretini təqdim etməzdən əvvəl bu Ayətullah Yəzdi haqqında bir neçə kəlmə qeyd edək. Əlbəttə ki, Mohemməd Taqi Misbah Yəzdi Nəcəfdə təhsilini bitirməyib, Qumda da o cümlədən. Xomeyninin tərəfdarı oldugundan ona Ayətullah dərəcəsini veriblər və bir müddət universitetlərdə dərs deyib. Müctehidliyi böyük bir sual altında olsa da onun bəzi kitabları Bakıda Azərbaycan dilinə də tərcümə edilib.
Yəzdi İranın elə bir cografi mərkəzində yerləşir ki, 1907-ci ildə ingilislərlə Rusiya İranı ikiyə böləndə Yəzdi şəhərində şimala Rusiyanın payına düşdü, ondan cənubda olan hissəsi ingilislərin hakimiyyətində qaldı. Bəziləri hesab edir ki, yəzdilər bundan sonra islamda qüsur etməyə başladılar. Lakin Yəzd şəhərinin adı “Yəzid” sözündən olub kürd dilli mənşəli hesab edilir. İnsanları da bizim anladığımız “yəzidlərdəndirlər”. Atəşpərəstlik dövründən bu şəhərin mövcud olması haqqında məlumatlar verilirsə də buranın 500 minə qədər əhalisi var. Əhalinin bir hissəsi atəşpərəstdir, bir hissəsi gizli atəşpərəstdir, bir hissəsi də dekorativ müsəlmandırlar. Özlərini şiə müsəlmanı adlandırsalar da Aşura mərasimlərində şou tamaşalar nümayiş etdirir, Kərbəla hadisələri adı ilə improvizasiyalar edir, İslam bir tərəfdə qalır, Daryuşla, Kruşla iftixar edirlər. Bu insanlar rəsmi mərasimlərdə əzadarlıq etsələr də Azərbaycan türklərinin Əbəlfəz sevgisinə kənardan məsxərə edirlər. Bu insanların “qardaş” anlayışının məhrəmiyyətində ilk qüsurları Əbəlfəz fenomenini anlamamaqlarından irəli gəlir.
İranda yəzdlilərin pullu, eyni zamanda da çox xəsis olduqlarını hamı bilir. Əlbəttə yay günlərində çaşıb, birdən bir yəzdlidən içməyə su istəyərsiniz, mütləq sizi peşman edərlər. Siyasi arenada populist çıxışları, fars dilinin bəlağətli cümlələrini quraraq parlamentdə uzun, təsirli çıxışlar edə bilirlər. Lakin “qol davasına” girməzlər. Təbriz, Ərdəbil və Urmiyə şəhərlərində böyük xalq nümayişlərini yatırtmaq üçün Lor-Bəxtiyari pastarlarını (inqilab kişikçilərini) gətirərlər ki, bu da ayrıca müzakirə mövzusudur.
İndi keçək “sabitlik cəbhəsinin” tərkibinə. Bunlar, özlərini “üsulgərai”(ənənəviçi) adlandırsalar da ifrat sağ mövqeli, bir çox hallarda təmamilə mövqesiz şəxslərdir. 2021-ci ildə Mohemməd Taqi Misbah Yəzdi öldükdən sonra bu fraksiyanın mərkəzi şurasının sədri- Mortəza Ağa Tehrani təyin edilir.
Bu fraksiyanın mövqesizliyi onunla məlum olur ki, M.Əhmədinejatın seçkiləri zamanı onu dəstəklədilər, seçiləndən sonra onu ifşa etməyə, “gününü qaraltmağa” başladılar. Ondan sonra Həsən Ruhani seçkilərə daxil oldu. Bu zaman da seçkilərdə onu müdafiə etdilər, seçiləndən sonra onu tənqid etməyə başladılar. Ən barışmaz mövqeləri də bu idi ki, niyə ABŞ-la razılığa gedirsiniz, “Mərg bər amrika...” (Amerikaya ölüm olsun). İran İslam Respublikasında 46 ildir ki, heç kim anlaya bilmir ki, “Amerikaya ölüm” şuarları ilə həyata keçirilən dövlət siyasəti nə üçün ABŞ hücum edəndə narazılıqla qarşılanır?
Son seçkilərdə bu fraksiya tərəfindən irəli sürülmüş Səid Сəlili (Pezeşkianın seçkilərdə rəqibi) əslən məşhədlidir. Əslində bir adam dünyəvi şəxs olsa da “Sabitlik” fraksiyasının namizədi kimi seçkilərə qoşulmuşdu və inqilab keşikçilərinin köməyi ilə seçkilərin saxtalaşdırılması, seçilməsi ümidində idi. S.Cəlili İran-İraq muharibəsində İnqilab Keşikçiləri Briqadasında müharibədə iştirak etmiş, yaralanmış və bir ayağını itirmişdı. Müharibə veteranı olaraq himayə olunmağa ümidli idi. Ancaq M.Pezeşkian da İran-İraq müharibəsində iştirak etmişdi və həkim olaraq daha artıq xidmət etdiyi qeyd olunur.
Pezeşkianın milli kimliyindən narahat olan növbəti sabitlik qrupunun üzvü, deputat Mehdi Kuçikzadədir. Tehranın əyalətlərindən məclisə nümayəndə seçilsə də kiçik adamdır, buyruq quludur və böyüklərinin fitvası ilə başından böyük danışar. Məsələn, “Qureyş tayfası qəbilələrinin ədavətindən” danışan Mehdi Kuçikzadə Tərbiyət Universitetinin kənd təsərrüfatı üzrə müəllimidir. Bundan soruşan yoxdur ki, min dördyüz il əvvəlki qureyş ədavətini sən hardan bilirsən və nə üçün qureyş varislərinin bu günkü bəxtəvər həyatından, “ag ğünündən” danışmırsan?
O, universitet müəllimidir ona görə yox ki, bir sahənin alimidir. Bir siyasi təşkilatın funksioneri olduğu üçün universitet müəllimi təyin ediblər. Bu adam hesab edir ki, “ürək birliyi” “dil birliyində” daha üstündür, daha əhəmiyyətlidir. Ancaq cavab vermir ki, onun məkirli ürəyində nə olduğunu necə bilək ki, onunla “ürək birliyi” yaradaq.
Sabitlik fraksiyasının başqa bir nümayəndəsi - Kamran Qəzənfəri lap irəli gedir və Pezeşkianı İsrailə xidmət etməkdə ittiham edir. Normal ölkələrdə bu ittiahma görə mütləq parlament araşdırması başlanmalı idi. İranda İsrail casuslarının çox olduğunu zatən də bilirik.
K.Qəzənfəri - “Ali rəhbərin Zəngəzur dəhlizinə münasibəti məlumdur” deyə belə bir imic yaradır ki, guya o, hər gün rəhbərin yanındadır və onun adından danışmaq səlahiyyəti var. Bununla da dediklərinə ligitimlik qatır və təsirliliyini artırır. İndi baxın - “belə bir ölkədə xeyir-bərəkət olar?" Deputatların hamısı “xalq artisti” olacaq dərəcədə aktyordular. Universitetdə mühazirələri, məsciddə müntəzəm qılınmış namazları, alınlarında möhürün qoyduğu iz, bir sözlə tam “paket arxitektura”.
Bu, yüksək aktyorluq sənətinin icra olduğu yer İran parlamentidir və onun başçısı İranın ciddi mafiya başçılarında olan Əli Laricanidir. O, Pezeşkian müxaliflərinə deyir ki, Azərbaycanın 12 günlük İsrail hücumu zamanı onları dəstəkləməsi haqqında əlimizdə heç bir subut yoxdur. “Əgər masaya qoymalı bir sübutunuz varsa buyurun, qoyun”. Zal susur, heç bir sübut yoxdur və bir qədər əvvəl ağzı köpüklənə-köpüklənə danışanlar artıq danışmırlar. Laricanı bilir ki, sübut yoxdur. Bu deputatlar da bilir ki, sübut yoxdur. Əslində sübut axtarmırlar, məqsəd informasiya mühiti yaratmaqdır və bunu da ustalıqla edirlər.
Qeyd edək ki, Əli Laricani və Sadiq Laricani qardaşları şiə alimi Mirzə Haşim Amulinin (1899–1993) oğullarıdır və 2000-ci illərdən başlayaraq İran siyasətində uğur qazanırlar. Bunların soyadları babalarının doğulduğu İranın Mazandaran bölgəsindəki Larican kəndindən götürüb.
Bu “artistlər” bir dəfə deyəndə ki, “mən bu gecə imamzamanla söhbət etmişəm və ondan tapşırıq almışam...” əlbəttə ki, insanlar inanamadılar. Lakin bunu mütəmadi deyəndə bəzi insanlar məsələyə ciddi yanaşmağa başladı və bir sıra “alimlər” də bunu təsdiq etdilər ki, “ayətullahların səlahiyyəti çatır ki, imamzamanla danışsın”. Əlbəttə ki, bu alimlər şərh etmir ki, dərsini sona qədər oxumamış, Nəcəfdən yarımçıq qayıtmış və Qum universitetini də bitirməmiş, “ayıtullahlığı” da tanışlıqla almış mollalar da imamzamanla danışa bilər? İranda hal-hazırda min nəfərə qədər Ayətullah var, bunların hamısı imamzamanla danışır?
İranın Pəhləvi rejimi “biz iranlıyıq” konsepsiyasını işləyib tətbiq edirdi və boyun əyməyənləri də sürgün edir, təqib edirdi. İran İslam Respublikası da bu konsepsiyanı olduğu kimi qəbul etdi və daha vəhşicəsinə tətbiq edir. Mayakovskinin “mən sovet vətəndaşıyam” konsepsiyası İran reallığında son dərəcə bəsit və mənasız görsənir.
Güney Azərbaycanda keçirilən nümayişlərdə insanlar “Yaşasın Azərbaycan” şüarlarını deyəndə bu məmurların elə bil “başına daş düşür”. Bu vəziyyət sabitlik fraksiyasının qorxulu röyasıdır.
İran siyasi elitasında davamlı dövr edən bir sual var –“Biz nəyi yanlış edirik ki, ugur qazana bilmirik?” - Bu sualın bir cavabı var, ölkə nə qədər ki, müxtəlif klanlar vasitəsi ilə idarə olunacaq və digər klanlara bac-xərac verəcək, ölkə nə qədər sərvətli olursa-olsun uğur qazana bilməyəcək. Ölkə iqtisadiyyatının 70 faizi gizli hesablara yatırılır, müxtəlif fondlara böyük məbləğlər köçürülür, büdcənin böyük vəsaitləri məlum olmayan ünvanlara ötürülür və it-bat olur, büdcə oğurluğunda bir cəzasızlıq hökm sürür.
Pezeşkianın “Oğrunu kənarda axtarmayın, özünüzdə axtarın” replikası da yerli klanlar tərəfindən aqressiv qarşılandı. Müasir İranda “söz pəhləvanları” çoxdur. Lakin ölkə “söz təfsiri” zamanını çoxdan keçib və dərin tənəzzülün içindədir. Ənənəvi olan iqtisadi tənəzzül üzərinə ideolojı tənəzzül də əlavə olunub. Beynəlxalq təcrid ölkənin bütün siyasi, iqtisadi, mədəni kanallarını bağlayıb, bir tərəfdən də İran parlamentinin “söz pəhləvanları” ənənəvi qonşu dövlətlərlə də münasibətləri pozmaq, ölkəni daha dərin tənəzzülə soxmaq istəklərini anlamaq çətindir.
15:21 30.10.2025
Oxunuş sayı: 2391