ICESCO-da bir qrup azərbaycanlı gənclə görüş olub

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Rabatdakı mənzil-qərargahında Azərbaycandan gələn bir qrup gənclə görüşüb. ICESCO bildirir ki, görüş Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeşə səfəri çərçivəsində baş tutub.
Salim əl-Malik rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahələrində yüksək tərəfdaşlıq əlaqələrinin olduğunu bildirib, Bakıya son səfəri və bu əsnada Prezident İlham Əliyevlə görüşü barədə danışıb. Salim əl-Malik ICESCO-nun Bakı Regional Ofisinin fəaliyyəti barədə məlumat verib, qurumun gənclərlə bağlı təşəbbüslərə açıq olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, nümayəndə heyətinin bu səfəri Mərakeşin Gənclər, Mədəniyyət və Kommunikasiya Nazirliyi və Azərbaycanın Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə mədəni mübadilə proqramı çərçivəsində reallaşıb.
07:46 23.10.2025
Oxunuş sayı: 1282