Ölkədə epizootik vəziyyət təqdim edildiyindən daha ciddidir - aidiyyati orqanlar gecikmiş qərarlar verir

Son aylar ölkənin müxtəlif rayonlarından iribuynuzlu heyvanlar arasında xəstəlik yayılmasına dair xəbərlər gəlir. Sosial şəbəkələrdə, mətbuatda hətta bəzi tv kanallarda ayrı-ayrı vaxtlarda bununla bağlı xəbərlər də yayılıb. Əfsuslar olsun ki, müvafiq qurumlar bu məsələyə sadə yanaşdılar.
Aylardır ölkədə heyvanlar arasında davaq xəstəliyinin sürətlə yayılmasına baxmayaraq bir neçə gün öncə heyvan bazarlarının bağlanması ilə bağlı gecikmiş qərar qəbul olundu. Ekspertlər öz açıqlamalarında daha ciddi tədbirlərin görülməsini təklif edirlər. Hətta bildirilir ki, hələ sovet dövründə davaq xəstəliyi yayılan bölgələr dərhal karantinə alınar, ora girib-çıxan maşınlar dezinfeksiya olunardı. Təəssüflər olsun ki, yaranmış vəziyyətə məsuliyyət daşıyan orqanlar vaxtında həyəcan təbili çalmaq və qabaqlayıcı tədbirlər görmək əvəzinə "əhali arasında təşviş yaratmaq olmaz" kimi zərərli və vaxtı keçmiş tezislərlə xəstəliyin daha geniş, hətta ölkə ərazisinə yayılmasına səbəb oldular.
Anlamaq lazımdır ki, internet əsridir, ucqar bir kənddə yaşayan əlində telefon olan sadə bir kəndli, blogerdir, jurnalistdir, reportyordur və s. Onsuz da heç nəyi gizlətmək artıq texniki olaraq mümkün deyil. Dünya artıq bu konteksdə nəinki 10 il əvvəlki, heç 5 il əvvəlki dünya da deyil. ABŞ hökuməti yad planentlilərin yer kürəsinə gəlməsi ilə bağlı açıqlama verməyə hazırlaşır. NASA etiraf etməyə başlayıb ki artıq prossesi əhalidən gizlətmək çətinləşir. Biz də neçə aydır çalışırıq ki , heyvanlar arasında davaq xəstəliyinin yayılmasını etiraf etməyək. O elə olmur.
Belə məsələlər yarananda ən ağıllı çıxış yolu səlahiyyətli qurumun dərhal hadisələrin önündə getməsidir. İndi də məsələlər daha da böyüməmiş, turist axınına təsir etməmiş epizootik vəziyyəti nəzarətə götürmək lazımdır. Vəziyyət nəzarətdədir deməklə, kifayətlənmək olmaz. Vəziyyətin nəzarətdə olduğunu əhaliyə göstərmək lazımdır. Minin o üstü etiketli, bəzəkli, təkərləri palçıq görməmiş maşınlarınıza, geyinin kostyumlarınızın üzərindən ağ xələtlərinizi. Gedin kəndlərə, fermalara, sadə adamların tövlələrinə, ordan insanların yanından ictimaiyyətə açıqlamalar verin, məsələni izah edin.
Kim soruşur necədir vəziyyət?
Vəziyyət nəzarətdədir!
Necə yəni vəziyyət nəzarətdədir?!
Bəlkə də doğrudan da epizootik vəziyyət nəzarətdədir. Amma heç də məsələ ilə bağlı ictimai rəy nəzarətdə deyil.
Adamlar evlərinə ət və süd məhsulları almaqdan ehtiyat etməyə başlayıblar.
Biz bir daha müvafiq orqanları daha ciddi tədbirlər görməyə çağırırıq.
16:23 22.10.2025
Oxunuş sayı: 822