Stokholmda Qərbi Azərbaycanın mədəni irsinə həsr olunmuş tədbir keçirilib

İyulun 19-da İsveçin paytaxtı Stokholm şəhərində “Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar” İctimai Birliyinin layihəsi və Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi Azərbaycan mədəni irsi: beynəlxalq təbliğat kampaniyasının təşkili” mövzusunda tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan İctimai Birliyin İdarə Heyətinin üzvü, layihənin rəhbəri Anar Turan layihənin əhəmiyyəti və təşkilatın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, uzun onilliklər siyasi gündəlikdən çıxarılan Qərbi Azərbaycan movzusu hazırda Azərbaycan dövlətinin prioritet siyasi istiqamətlərindən biridir. Mövzunun beynəlxalq arenada təbliği, soydaşlarımızın mədəni huquqlarinin tanınması strateji əhəmiyyət daşıyır. Layihə rəhbəri qeyd edib ki, mövzunun aktuallığını nəzərə alaraq ictimai institutlar, QHT və media sektoru bu sahədə aktivlik və birlik nümayiş etdirməlidir.
Professor Əfsər Sadıqov deyib ki, Qərbi Azərbaycanın mədəni irsinin öyrənilməsi bu ərazilərdən deportasiya olunmuş soydaşlarımızın ləyaqətlə və təhlükəsiz qayıtmasını təmin etmək məqsədi daşıyır. Bu, mülki şəxslərin və hərbi əsirlərin müdafiəsi ilə bağlı 1949-cu il Dördüncü Cenevrə Konvensiyasının müddəalarına uyğun gəlir və həmçinin onların geri qayıtdıqdan sonra hüquqlarının müdafiəsi üzrə təminatları nəzərdə tutur. O, həmçinin əlavə edib ki, mədəni irs hər bir xalqın milli kimliyinin ən mühüm elementidir, onun ideoloji, mənəvi-siyasi inkişafını müəyyən edir və deməli, millətin mövcudluğu ilə birbaşa bağlıdır.
İsveçdə yaşayan hüquq müdafiəçisi, Azərbaycan Mərkəz Partiyasının sədri Saleh Kamrani vurğulayıb ki, Qərbi azərbaycanlıların mədəni hüquqlarının müdafiəsi beynəlxalq səviyyədə qaldırılmalı, insan hüquq və azadlıqları kontekstində nəzərdən keçirilməlidir. O, tədbirin insan hüquqlarının müdafiəsi üzrə güclü ənənələrə malik və Avropa Şurasında fəal mövqeyi olan İsveçdə keçirilməsini yüksək qiymətləndirib.
SAF İsveç-Azərbaycan Birliyinin texniki təşkilatçılığı ilə təşkil olunan tədbirdə, eyni zamanda, Azərbaycan diasporunun nümayəndələri Sevda Dadaşova, Cavanşir Əmir Haşimi, Ayda Əmir Haşimi, Nadir Hollenbrand, Babək Azəroğlu və Eluca Atalı çıxış ediblər.
Qərbi Azərbaycan irsinə həsr olunmuş tədbir onun mədəni irsinə həsr edilmiş fotosərginin və kitab ekspozisiyasının təqdimatı ilə başa çatıb.
19:21 19.07.2025
Oxunuş sayı: 796